Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib. Şənliyə gələnlər əvvəlcə mərkəzin foyesində yaradılan “İstiqlalının 31-ci ildönümü mübarək, əziz Özbəkistan!” adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar, qardaş ölkənin mədəniyyət xadimləri, ziyalılar, ali məktəblərin müəllimləri iştirak ediblər.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən AMM-in direktoru Samir Abbasov Özbəkistanın müstəqillik illərində inkişafından danışıb. Deyib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə köklü islahatlar aparılıb.
Direktor bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri haqqında da danışıb, Özbəkistanın dövlət başçısı ilə səmərəli danışıqlar aparıldığını, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində sənədlər imzalandığını diqqətə çatdırıb: “Bununla da Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulub”.
S.Abbasov 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib, bildirib ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan işğaldan azad olunan Füzuli şəhərində böyük bir orta məktəbin tikintisini öz üzərinə götürüb və təhsil ocağının tikinti layihəsi artıq Azərbaycan Hökumətinə təqdim edilib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və Özbəkistan Milli Universitetinin professoru Nigina Şermuxammedova ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndirilməsi, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, Bakıdan gələn gənc müğənni Mehdi Həsənov, həmçinin Rəna Əzizova, Yusif Əliyev, Timur Rəhmanov və Davron Kadırov Azərbaycan və özbək mahnılarını ifa ediblər.