2023-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının yaranmasının 100, kinomuzun isə 125 ili tamam olur. Bu münasibətlə tədbirlər planı hazırlanıb.
2022-2023-cü illəri əhatə edən tədbirlər planında “Azərbaycanfilm”də indiyə qədər istehsal olunan filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulub. Bundan əlavə, klassik filmlərin posterlərinin, treylerlərinin, ingilis dilində subtitrlərinin hazırlanması, rəqəmsal formata keçirilməsi planlaşdırılır.
Tədbirlər planında “Azərbaycanfilm” – 100: afişalar”, “Azərbaycanfilm” – 100: kadr arxasında”, həmçinin rekvizit-geyim, eskiz-dekorların sərgisi, dəyirmi masa və konfransların keçirilməsi də öz əksini tapır. Bununla yanaşı, kinostudiyanın bir əsrlik tarixini, fəaliyyət istiqamətini, həyata keçirdiyi ən uğurlu layihələri əhatə edən bir neçə versiyadan ibarət tanıtım çarxları hazırlanacaq.
Kino ilə bağlı fundamental ədəbiyyatların tərcüməsi və çap olunması, klassik filmlərin ssenarilərinin nəşri, “Azərbaycanfilm” – 100” kataloqunun iki dildə hazırlanıb nəşr edilməsi də nəzərdə tutulub. Həmçinin film istehsalının inkişaf etdirilməsi məqsədilə müsabiqələrin keçirilməsi, ssenari portfelinin formalaşdırılması da planda yer alıb.
Qeyd edək ki, tədbirlər planında tələbələr üçün “Açıq qapı” günü – “Azərbaycanfilm” turu”nun təşkil edilməsi, hər ay bir bölgədə olmaqla seçilmiş 12 bölgədə (Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran, Zaqatala, Biləsuvar, Ağdam, Yevlax, Qazax, Şirvan) “Azərbaycanfilm” – 100” adlı kino həftəsinin keçirilməsi planlaşdırılır.
Türkdilli ölkələrdə və MDB məkanında da “Azərbaycanfilm”in yubileyi ilə əlaqədar tanıtım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.