Müsabiqə proqramına 29 ölkədən 76 film daxil edilib

 

Sentyabrın 7-dən 11-dək Bakıda V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək builki festivalın devizi “Bir bilet – bir ağac”dır.

Sentyabrın 6-da Nizami Kino Mərkəzində festivalla bağlı mətbuat konfransı keçirildi. Festivalın təsisçisi və direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev çıxışında bildirdi ki, Nizami Kino Mərkəzində keçiriləcək builki festival iqlim dəyişikliyinə həsr olunub. Belə ki, bilet satışından əldə olunacaq vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Təsisçi bildirdi ki, festivalın builki tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Assosiation”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır. V ANİMAFİLM “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və “PERİ FİLM” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Direktor həmçinin diqqətə çatdırdı ki, bu il festival tamaşaçılara üç əsas proqram təqdim edəcək: müsabiqə, müsabiqədənkənar və peşəkarlar üçün proqramlar.

Festivalın media meneceri Bahar Zeynallı KİV nümayəndələrinin diqqətinə çatdırdı ki, festivala 50 ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqə proqramına 29 ölkədən 76 film daxil edib. İştirakçılar bir yerli və altı beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışacaqlar. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib.

Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi film nümayişləri zamanı izləyicilərin səsverməsinin nəticələri əsasında müəyyənləşəcək. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

B.Zeynallı diqqətə çatdırdı ki, Azərbaycanda dövlət sifarişi ilə ildə 2 animasiya filmi istehsal olunur və bu, olduqca azdır. Festivalın uğurlarından biri də müstəqil studiyaların animasiya filmlərini təqdim etməsidir. Bu il ölkəmizdən festivala 16 film təqdim olunub və proqrama daxil edilib: “Hazırda beynəlxalq aləmdə uşaqların öz ana dillərində animasiya izləməsi zəruri hesab edilir. Bu, onların dili qavramasına və ana dilinə münasibətini formalaşdırır”.

Qeyd olundu ki, festivalın ən dəyərli mükafatı Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalına səyahətdir ki, bundan əvvəl birincilik qazanan iştirakçılara bu şans qismət olub. Digər kateqoriyalarda pul mükafatı, planşetlər və keramik heykəlciklər təqdim olunacaq.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin əməkdaşı Elşad Əliyev bildirdi ki, nazirliyin “Böyük Qayıdış” müsabiqəsində qalib olan iki animasiya filmindən biri artıq hazırdır, digərinin çəkiliş prosesi davam edir. Nazirliyin həmişə animasiya layihələrinə dəstək olduğunu bildirən E.Əliyev bu mənada ANİMAFİLM festivalını nümunə göstərdi: “Festival dünya kinosunda sənət meyarı hesab olunur. Sevindirici haldır ki, Azərbaycanda da festival ənənəsi formalaşıb. ANİMAFİLM, Qısa filmlər festivalı, “DokuBaku” və s. Beynəlxalq festivallar Azərbaycan kinosunun dünyaya inteqrasiyası deməkdir. Biz belə layihələr vasitəsilə maraqlı nümunələrlə tanış olur və filmlərin yaradıcı heyətləri ilə əlaqə qurur, sənət mübadilələri aparırıq”.

Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Jonathan Laskarnın (İsveçrə) ustad dərsi təşkil olunacaq. Bundan əlavə, proqramda Nitya Ramloqan (ABŞ), Tilly Vallace (İngiltərə) və Nəzrin Ağamalıyeva (Azərbaycan) iştirakı ilə “Stop montion” və “Şüşə üzərində animasiya” vorkşopları da nəzərdə tutulub. “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da festivalın əsas proqramına daxil edilən tədbirlərdəndir.

Festivalın media tərəfdaşları “Baku” və “Nargis” jurnallarıdır.

Lalə Azəri