İl ərzində Azərbaycana gələn turistlərin sayı 14 faiz artıb
   
   Bu il Azərbaycanda turizm sektoru yeni inkişaf mərhələsinə qədəm qoydu. 2011-ci ili ölkədə «Turizm ili» elan etməklə dövlət bu sahəni prioritet istiqamət elan etdi. Dövlət qurumları və turizm təşkilatlarının birgə fəaliyyəti yüksək nəticələr əldə etməyə imkan verdi. Azərbaycan turizmi dünyada daha geniş tanınmağa başladı.
 
  
   Ölkəmizin turizm potensialını dünyaya nümayiş etdirmək, həmçinin xaricdən turist axınını təşviq etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə turizm şirkətlərimiz bu il 16 beynəlxalq turizm sərgisində iştirak edib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 28-də nazirliyin 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiyasındakı çıxışında bildirdi. Ölkəmiz Vyanada “Ferien Messe”, Ştutqartda “CMT”, Berlində “İTB”, Helsinkidə «MaTka», İstanbulda “EMİTT”, Riqada “Balttour”, Milan şəhərində “BİT”, Moskvada “İntourmarket” və “MİTT”, Kiyevdə “KİF” və “Avtoekspo”, Dubayda “ATM”, Seulda “KOTFA”, Parisdə “Top Resa”, İzmirdə “Travel Turkey” sərgilərində uğurla təmsil olunub.
   Nazir qeyd etdi ki, il ərzində xarici kütləvi informasiya vasitələrində Azərbaycanın turizm potensialını əks etdirən reklam materiallarının yayılmasına xüsusi önəm verilib. Britaniyanın “Voyager” jurnalının mart, may, sentyabr, oktyabr, noyabr buraxılışlarında Azərbaycanın turizm potensialını əks etdirən reklam səhifəsi yerləşdirilib. “ABTA” jurnalında, Fransanın məşhur “Le Nouvel Economist” qəzetində respublikanın turizm imkanları haqqında reklam səhifələri verilib. Hazırda Rusiyanın “Grand Fair” şirkəti tərəfindən Azərbaycan haqqında “Tomas Kuk” bələdçisi hazırlanır.
   Dövlət tərəfindən Azərbaycanda turizmin inkişafına yaradılan əlverişli şərait nəticəsində mehmanxana və mehmanxana tipli obyektlərin sayı artmaqdadır. 2011-ci ilin birinci yarısının statistik göstəricilərinə görə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 504-ə, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31578-ə çatıb. Mehmanxana və turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında hazırda 320 mehmanxana və mehmanxana tipli obyekt, 193 turizm şirkəti fəaliyyət göstərir. İl ərzində nazirlik tərəfindən 31 şirkətə turizm fəaliyyəti üçün lisenziya verilib. 2011-ci ilin ilk 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1016559 nəfər təşkil etmişdir ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 14,8% və ya 131100 nəfər çoxdur. Bu ilin 9 ayının yekunlarına görə isə bu artım 14% təşkil edib.
   2011-ci ilin “Turizm ili” elan edilməsinin bu göstəricilərə mühüm təsiri olduğunu deyən nazir bu tendensiyanın növbəti ildə də davam edəcəyini vurğuladı.