Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən 4-dək “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada keçirilən III “Baramadan ipəyə” beynəlxalq festivalında Azərbaycanın ipəkçilik sənəti də təqdim edilib.
Bursa Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendimiz qurulub.
Tədbirə Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kiprdən də heyətlər qatılıb. Ölkəmizin nümayəndə heyətində Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov, direktor müavini Arzu Təbrizli, “Azəripək” MMC-nin əməkdaşları Elvira Məmmədova və İlqar Nəzirov yer alıblar.
Tədbirin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş Azərbaycan stendini ziyarət edib. Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov bələdiyyə başqanına stendimiz haqqında məlumat verib. “Azəripək” MMC-nin şöbə müdiri Elvira Məmmədova tərəfindən Alinur Aktaşa xarıbülbüllə bəzədilən ipək kəlağayı hədiyə edilib.
Milli stenddə nümayiş etdirilən Azərbaycan milli geyimləri modelyerlər – Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tərəfindən hazırlanıb.
Ölkəmizin stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Festivalın ikinci günü “Azəripək” MMC-nin əməkdaşları tərəfindən ziyarətçilər üçün kəlağayı üzərində basmanaxış üzrə ustad dərsləri təşkil olunub, kəlağayının tarixi haqqında ətraflı məlumat verilib.
Milli stendin təşkilində Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİDD) üzvləri olan Bursa Uludağ Universitetinin azərbaycanlı tələbələri də könüllü qismində iştirak ediblər. Festivalın son günü nümayəndə heyətimiz dərnəyin rəhbəri və azərbaycanlı tələbələrlə görüşüb. Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə BAİDD-ın yeni açılan ofisində baş tutan görüşdə Nizami Gəncəvi Vəqfi tərəfindən milli stendin təşkilində könüllü iştirak edən azərbaycanlı tələbələrə sertifikatlar və Şuşa haqqında kitab təqdim edilib.
Nümayəndə heyəti Bursa şəhərində müalicə alan 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb, onlara Azərbaycandan gətirilən milli şirniyyatlar və Şuşa haqqında kitab təqdim olunub.
Qazilərimiz müalicələrinin uğurla davam etdiyini bildirib, göstərilən dəstəyə görə dövlətimizə və xüsusilə “YAŞAT” Fonduna minnətdarlıq ifadə ediblər.