Fransalı rejissorun “İki truba üçün hekayə”si baş mükafatı qazanıb

 

Xəbər verdiyimiz kimi, sentyabrın 7-dən 11-dək Bakıda V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, “Culture Network House” Assosiasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumların tərəfdaşlığı ilə gerçəkləşən builki festivalın devizi “Bir bilet – bir ağac” idi.

Sentyabrın 11-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Münsiflər heyətinin üzvü Esra Əliyeva qeyd edib ki, festivalın bilet satışlarından 4119 manat pul yığılıb. Bu vəsaitlə işğaldan azad edilən ərazilərdə 412 ağac əkiləcək.

Festivalın “Ən yaxşı qısametrajlı animasiya filmi” – Qran pri mükafatı qalibinin adını Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov açıqlayıb. Mükafata fransalı rejissor Amandine Meyerin “İki truba üçün hekayə” (“A Story for 2 Trumpets”) filmi layiq görülüb. Bu nominasiyada xüsusi seçim mükafatını isə ABŞ-dan rejissor Owen Klattenin “Ağacdan” (“Of Wood”) filmi qazanıb.

Yerli müsabiqənin “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyası üzrə qalibini isə Fransanın Bakıdakı səfirliyinin Mədəni fəaliyyət və əməkdaşlıq üzrə müşaviri Çarlz Denyer tərəfindən açıqlanıb. Mükafata rejissor Ülviyyə Məmmədovanın “Ağ qorxu” filmi layiq görülüb. Bu nominasiyada xüsusi seçim mükafatını rejissor Kövsər Qurbanın “Bir damla” filmi alıb. Bildirilib ki, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasının qalibi Fransada dünyanın ən böyük animasiya festivalı olan  “Annecy” Beynəlxalq Animasiya Film Festivalına qatılmaq imkanı qazanıb. 

Tədbirdə vorkşoplara qatılmış iştirakçıların iqlim dəyişikliyi mövzusunda qısa animasiya rolikləri nümayiş etdirilib.

Daha sonra digər qaliblərin adları açıqlanıb. “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında rejissor Ana Çubinidzenin (Gürcüstan, Fransa) “Franzy’s Soup-Kitchen” (“Franzinin şorba mətbəxi”), “Ən yaxşı televiziya animasiya serialı”nda fransalı rejissor Sedrik Laşenaudin “Grizzy və Lemminqlərin dünya turu – Lemminqlər haqqında əfsanə”, “Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” üzrə portuqaliyalı rejissor Nelson Fernandesin “Us” (“Bizi”), “Ən yaxşı musiqili animasiya videosu” nominasiyasında italiyalı rejissorlar Mario Kreyl Sirillo və İzabel Emili Viqandın “Transparent Black and Iron Rich Red” (“Şəffaf qara və dəmirlə zəngin qırmızı”), “Ən yaxşı tələbə animasiya filmi” kimi isə çinli rejissor Tanq Rehunun “A Dog under Bridge” (“Körpünün altında bir it”) filmləri qalib olublar.

Tamaşaçı seçimi müsabiqəsinin qalibi Ana Çubinidzenin “Franzinin şorba mətbəxi” filmi olub.

Sonda çıxış edən festivalın art-direktoru Nəzrin Ağamalıyeva 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun “Gender bərabərliyi”nə həsr olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, festivalda filmləri beynəlxalq münsiflər heyəti – Jonathan Laskar (İsveçrə), Tilly Wallace (Böyük Britaniya), Markus Ovre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland) və Daniel Bird (Böyük Britaniya) kimi peşəkarlar dəyərləndirib.

Bu il də festivalın uşaq jürisi fəaliyyət göstərib. 22 üzvdən ibarət heyət maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı animasiya seriyalı” kateqoriyaları üzrə iki qalibi seçib.

Festivalda ümumilikdə 29 ölkədən uşaqlar və böyüklər üçün çəkilmiş 121 animasiya filmi nümayiş etdirilib.