Ötən il dünyada 980 milyon turist səfəri təşkil edilib ki, bu da bir il əvvəlki göstəricini 4% üstələyib. Bu barədə Dünya Turizm Təşkilatının baş katibi Taleb Refai İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, 2012-ci ildə turist səfərlərinin sayının 1 milyarda çatacağı gözlənilir. Baş katib iqtisadiyyatın bütün sahələrində müşahidə olunun çətinlik və problemlərə baxmayaraq, ötən ilin turizm üçün uğurlu olduğunu vurğulayıb.
   Avropada turist səfərlərinin sayı böhrana rəğmən, proqnozu üstələyib. Yunanıstan, İrlandiya, Portuqaliya və İspaniya kimi ölkələrdə isə müvafiq olaraq 14%, 13%, 10% və 8% artım qeydə alınıb. Baş katib Avropadakı borc böhranına baxmayaraq, bu il 3%-dən çox artım proqnozlaşdırdıqlarını və bunun 2010-cu il göstəricilərini 7% üstələyəcəyini qeyd edib.
   
 Fəxriyyə Abdullayeva