Poliqrafçı Şəddat Cəfərovun müəllifi olduğu və haqqında yazılan miniatür kitabların təqdimatı

 

Sentyabrın 16-da Miniatür Kitab Muzeyində tanınmış poliqrafçı alim, naşir, yazıçı Şəddat Cəfərovun “Kitab gözəlliyinin elmi mahiyyəti” miniatür kitabının, onun haqqında nəşr edilmiş 4 miniatür kitabın (İsaq Əmənullayevin “Mənalı poliqrafçı ömrü”, Sevda Əlibəylinin “İlk poliqrafçı alim”, Fatma Həsənqızının “Acılı-şirinli günlər” və Elşad Səfərlinin “Qiymət” poeması) təqdimatı keçirilib.

Əvvəlcə erməni təxribatı nəticəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Şəddat Cəfərov təqdim edilən miniatür nəşrlər haqqında məlumat verib. Bildirib ki, kitab mədəniyyəti xalqımızın tarixinin, mədəni irsinin vacib bir hissəsidir. O,  haqqında yazılan miniatür kitabların müəlliflərinə minnətdarlığını bildirib, artıq haqq dünyasına qovuşmuş Fatma Həsənqızının xatirəsinə ehtiramını ifadə edib.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qeyd edib ki, hər yazarın taleyinə miniatür kitabların sırasına düşmək qismət olmur: “Şəddat Cəfərov özünü ölkə ictimaiyyətinə və ölkəmizin hüdudlarından kənarda istedadlı poliqrafçı alim, ictimai xadim, səmimi və qayğıkeş dost, gözəl ziyalı kimi tanıdıb. Onun başlıca xüsusiyyəti yüksək müşahidə qabiliyyətinə malik qələm adamı kimi bədii yaradıcılıqla məşğul olmasıdır”.

“Söz” jurnalının baş redaktoru, publisist Sevda Əlibəyli Şəddat Cəfərovu 30 ildir tanıdığını qeyd edib: “O, işinin peşəkarı olmaqla yanaşı, həm də xeyirxah insandır. Peşəkarlıqla xeyirxahlıq birləşəndə daha çox faydalı olur. Əminəm ki, onun peşəsi və adı haqqında bundan sonra da yazılacaq. Fəxr edirəm ki, belə bir poliqrafçı alimin adı çəkildikcə mənim də onun haqqında qələmə aldığım kitab yada düşəcək”.

“Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu təqdim olunan kitablar və tədbirin səbəbkarı haqqında fikirlərini bölüşüb: “Şəddat Cəfərov harada işləyirsə-işləsin, onun haqqında ancaq müsbət fikirlər eşitmək olar. O, 15 yaşından mətbəə işində çalışıb. Respublikada bu sahədə ilk və yeganə alimdir. Lakin bununla heç vaxt öyünmür, çox təvazökar insandır”.

“Şuşa” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Vasif Quliyev bildirib ki, Şəddat Cəfərov təkcə doğma Azərbaycanda deyil, keçmiş SSRİ-də də poliqrafiyanın kamil mütəxəssisi kimi tanınıb. Uzaq və yaxın xaricdə mədəniyyəti, elitar davranışı, zəngin təcrübəsi, istər poliqrafiya, istər iqtisadiyyat, istərsə də texnika və texnologiya sahəsində dərin biliyi ilə Vətənimizin başını daim uca edib. Sonradan Bakıya qayıdan Şəddat Cəfərov müxtəlif vəzifələrdə çalışıb.

Naşir Mehman Fərzəliyev həmkarı Ş.Cəfərovun uzun illər Azərbaycan Dövlət Nəşriyyatının baş direktor müavini və direktoru kimi məsul vəzifədə çalışmasından danışıb: “O, yuxusuz gecələri, zəngin elmi mütaliəsi hesabına müstəqil olaraq rəngli klişelər hazırlamağı öyrənməklə həmkarlarını və mətbəə rəhbərliyini heyrətə salıb, işə başladığı bir neçə ay ərzində altıncı dərəcəli usta adına layiq görülüb və istehsalatdan ayrılmayıb. Ali təhsil alaraq Moskvada aspiranturaya qəbul olunub və namizədlik dissertasiyasını müdafiə edərək yüksək zirvələrə nail olub”.

Sonda iştirakçılar tədbirin keçirilməsində yaradılan şəraitə görə Miniatür Kitab Muzeyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər.