Xəbər verdiyimiz kimi, 18-26 sentyabr tarixində dahi bəstəkar, klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin adı ilə şərəflənən bu il 14-cü dəfə gerçəkləşən, Beynəlxalq Musiqi Festivalı keçirilir. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan builki festivalın da zəngin proqramı var.

Sentyabrın 18-də – Milli Musiqi Günü ilə bağlı Üzeyir Hacıbəylinin Ev-Muzeyində böyük musiqiçiyə həsr olunan yeni nəşrlərin təqdimatı keçirildi. Tədbirdə muzeyin şöbə müdiri Gülnarə Ələsgərovanın “Üzeyir Hacıbəylinin Ev-Muzeyi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Teas-Press” nəşriyyat evinin “Üzeyir Hacıbəyli. Məqalələr, felyetonlar, resenziyalar”, Abdulla Şaiqin Ev-Muzeyinin əməkdaşı Arzu Hacızadənin “A.Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kitabları və Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Musiqi aləmi” jurnalı təqdim olunurdu.

Tədbiri giriş sözü ilə Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov açaraq nəşrlər haqqında məlumat verdi. Bildirdi ki, “Üzeyir Hacıbəylinin Ev-Muzeyi” kitabında əsas məqamlardan biri vaxtilə muzeyin açılışında ulu öndər Heydər Əliyevin söylədiyi maraqlı nitq, muzeydəki eksponatlara diqqət yetirməsi və münasibət bildirməsinə də yer verilib.

İlk sayı işıq üzü görən “Musiqi aləmi” jurnalının təsisçisi və baş redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı dedi ki, dahi bəstəkar bizi həmişə öz işığı ətrafına yığıb. Ancaq iki il əvvələ qədər Üzeyir bəylə bağlı tədbirlərdə Azərbaycan musiqiçiləri həmişə fikirli və duyğulu olurdular: “Çünki dahi bəstəkarın ana yurdu, musiqimizin beşiyi Şuşa mənfur qonşularımızın işğalı altında idi. Ü.Hacıbəylinin ruhu da narahat idi. Şükürlər olsun, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz  Qarabağımızı, Şuşanı düşmən tapdağından azad etdi. İndi Şuşa azaddır. Həm də Ü.Hacıbəylinin ruhu şaddır”.

“Musiqi aləmi” jurnalı haqqında danışan musiqişünas diqqətə çatdırdı ki, jurnalı nəşrə hazırlayarkən qərara gəlmişdik ki, ilk sayını dahi bəstəkara həsr edək və belə də oldu.

Tədbirdə daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva, Abdulla Şaiqin Ev-Muzeyinin əməkdaşı Arzu Hacızadə, “Teas-Press” nəşriyyat evinin şöbə müdiri Günel Həsənova, şair-publisist Fəxrəddin Meydanlı çıxış edərək nəşrlərin əhəmiyyətindən danışdılar. Bildirdilər ki, Üzeyir Hacıbəyli haqqında nə qədər yazılsa da, yenə azdır. Çünki dahi bəstəkar haqqında keçmişdə yazılıb, bu gün yazılır və gələcəkdə də yazılacaq.

Çıxışlardan sonra gənc məktəbli Uğur Alizadə dahi bəstəkarın musiqi bəstələdiyi Abdulla Şaiqin “Dağlar” şeirini söylədi.

Sonda nəşrlərin müəllifləri tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.

S.Fərəcov