Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı olub

 

18 sentyabr – Milli Musiqi Günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin (Yasamal rayonu) binasının əsaslı təmirdən sonra açılışı olub.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, nazirliyin əməkdaşları, məktəbin kollektivi iştirak edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev musiqi məktəbində yaradılan şəraitlə bağlı nazir Anar Kərimova məlumat verib. Bildirilib ki, ümumi sahəsi 789 kv m olan bina texniki cəhətdən yenidən qurulub, zəruri inventar və avadanlıqlarla təmin edilib. Təmirdən sonra məktəbin binasında 24 sinif otağı, akt zalı, 2 inzibati otaq və mətbəx otağı yaradılıb.

Sonra həmkarlarını təbrik etməyə gəlmiş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbi xor kollektivinin ifasında Dövlət himni səsləndirilib.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək Milli Musiqi Günü münasibətilə hər kəsi təbrik edib, açılış mərasiminin məhz belə bir gündə keçirilməsinin xüsusilə əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı ilə bağlı geniş proqram tərtib etmişdik. Təəssüflər olsun ki, son günlərdə düşmən təxribatı nəticəsində sərhəddə baş verən hadisələr,  şəhidlərimizin olması festivala kədərli notlar əlavə etdi: “Amma şəhidlərimizin qanı yerdə qalmadı, ordu bölmələrimiz düşmənə sarsıdıcı zərbə vurdu. Kədərli günlərdə də bizim musiqimiz səslənməlidir. Hamıya bəyan etməliyik ki, biz Qarabağımıza, Üzeyir Hacıbəylinin vətəni Şuşaya mədəniyyətimizi və musiqimizi qaytarırıq...”.

Anar Kərimov qeyd edib ki, xalqın gücü, qüdrəti həm də onun mədəniyyətindən asılıdır. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdik. Ümumiyyətlə, tariximizə nəzər yetirsək görərik ki, bizi biz və möhkəm edən mədəniyyətimizə, milli köklərimizə və mənəvi dəyərlərimizə bağlılıqdır.

Məktəbin kollektivinə əsaslı təmir olunmuş binada uğurlu fəaliyyət arzulayan nazir bildirib ki, vaxtilə Üzeyir Hacıbəylinin bu məktəbdə fəaliyyət göstərməsi tədris ocağı və onun kollektivinin üzərinə əlavə məsuliyyət qoyur. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyətimizin, o cümlədən milli musiqimizin inkişafı üçün çox böyük səy göstərirlər. Bədii tədris müəssisələrində  təmirdən sonra yaradılan belə bir şəraitdə fəaliyyət də mükəmməl olmalıdır: “Məktəbin kollektivi öz səylərini ortaya qoyaraq milli musiqimizi yeni nəsillərə ötürməlidir. Biz də Mədəniyyət Nazirliyi olaraq bu işlərdə sizlərə əlimizdən gələn köməkliyi edəcəyik”.

Qeyd edək ki, 6 nömrəli Uşaq musiqi məktəbi 1937-ci ildə fəaliyyətə başlayıb. 1992-ci ildə məktəbə Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun adı verilib. Məktəbdə 4 şöbə üzrə 13 ixtisas (fortepiano, violin, klarnet, fleyta, saksofon, tar, kamança, qanun, qarmon, nağara, vokal, xanəndəlik, gitara) tədris olunur, 278 şagird təhsil alır, 52 nəfər müəllim çalışır. Həmçinin şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.

Nurəddin