Sentyabrın 20-də Şuşada Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.
Üzeyir Hacıbəylinin Şuşada bərpa olunan heykəli önündə açıq havada, dahi bəstəkarın erməni vandalizminə məruz qalmış ev-muzeyinin yanında təşkil olunan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları salamlayan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, bu gün biz Şuşada milli musiqimizi eşidirik və bu bizi çox qürurlandırır: “Şuşamızın, ümumən bütün torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhid olmuş əsgər və zabitlərimizin ruhu qarşısında baş əyirik”.
Konsertdə Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) çıxış edib. Ü.Hacıbəylinin və dahi sənətkarın yetirmələri olan bəstəkarların əsərləri səslənib.