Respublikamızda əsası XX əsrin əvvəllərində qoyulan karikatura sənəti zəngin inkişaf yolu keçib. Karikatura və kitab qrafikası üzrə istedadlı sənətkarlar yetişib. Həmin dövrdə maraqlı əsərləri ilə diqqətçəkən sənətkarlardan biri də Xalq rəssamı, Dövlət mükafatı laureatı İsmayıl Axundov olub.
Görkəmli sənətkar yorulmaz yaradıcılıq fəaliyyəti dövründə obrazlar qalereyası, karikatura və portretlər silsiləsi yaradıb. Sənətkarı anadan olmasının 115 illiyi münasibətilə xatırladıq.
İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa kəndində dünyaya göz açıb. Atası mömin olsa da, açıqfikirli, geniş dünyagörüşlü, elmə və mədəniyyətə qiymət verən insan olub, övladlarının parlaq gələcəyi üçün böyük səy göstərib...
İsmayıl orta məktəbi bitirdikdən sonra Pedaqoji Texnikumda və Rəssamlıq Məktəbində təhsil alır. 1928-ci ildə Moskva Poliqrafiya İnstitutunun Nəşriyyat fakültəsinə qəbul olunur. Təhsilini 1932-ci ildə uğurla başa vurub Bakıya qayıdır. “Azərnəşr”də işə başlayan İsmayıl Axundov işgüzarlığı ilə seçilir və qrafika bölməsinə rəhbər təyin edilir.
İsmayıl Axundov bir müddət “Molla Nəsrəddin” jurnalının da fəal əməkdaşlarından olub. Rəssamın qeydlərindən bəlli olur ki, onun sənətdə daha şövqlə irəliləməsində görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin tövsiyələri rol oynayıb. Rəssam böyük ədiblə görüşü haqda yazır: “20 yaşımda adını eşidib, üzünü görmədiyim nurani-pirani sifətli, ağır yerişli Mirzə Cəlillə mənzilinin yaxınlığında rastlaşdıq. Özümdən asılı olmayaraq ona yaxınlaşdım və ehtiramla salam verdim. Adımı, soyadımı soruşdu. Kim olduğumu dedim. Sən demə, böyük sənətkar mənim əsərlərimlə tanış imiş. “Oğul, “Qız qalası üstündə göyərçinlər” əl işinə baxmışam. Sənin gələcəyinə inanıram. Mübariz, sözübütöv ol. Yadında saxla, əsl sənət riyakarlığı sevmir”, – dedi. Bu sözlər mənim sənət yoluma işıq saldı”.
1937-1940-cı illərdə Rəssamlıq Məktəbinə direktor təyin olunan İsmayıl Axundov yüksək insani keyfiyyətləri, həmkarlarına qarşı diqqətcil və qayğıkeş münasibəti ilə kollektivin rəğbətini qazanıb. Görkəmli fırça ustalarından Tağı Tağıyev, Salam Salamzadə, Vidadi Nərimanbəyov, Səttar Bəhlulzadə, Baba Əliyev, Kazım Kazımzadə yeri düşdükcə bu qayğıkeş insanın fəaliyyətindən söz açıb, onu ehtiramla yad ediblər.
Sənətkar 1940-cı ildən Nizami adına Ədəbiyyat Muzeyinin direktoru və baş rəssamı işləyib. İlk gündən müxtəlif yaradıcılıq nümunələrinin, eksponatların toplanmasına, muzeyin tərtibatına qayğı göstərib. Daha sonra Xalq artisti Adil İsgəndərovun dəvəti ilə Dövlət Akademik Dram Teatrında çalışıb. Xalq yazıçısı Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasının geyim eskizlərini çəkib, Cəfər Cabbarlının “Yaşar”, Mirzə Fətəlinin “Hacı Qara”, Səməd Vurğunun “Vaqif” və başqa səhnə əsərlərinə bədii tərtibat verib.
Akademik Həmid Araslı görkəmli sənətkarın 60 illik yubileyi ilə bağlı “Ədəbiyyat və incəsənət” qəzetində “Gözəl tərtibatçı” adlı məqaləsində yazır: “İsmayıl Axudov sərgilərin bədii tərtibatında məktəb yaratmış bir rəssamdır. Bu rəssamın, yazıçıların üslub xüsusiyyətlərini bir ədəbiyyatşünas kimi gözəl bilməsi, bədii axtarışların, müasirlik duyğusunun və ümumi biliyinin qüdrəti ilə yaranmışdır. İ.Axundov həmişə axtaran, öyrənən, narahat bir sənətkardır”. Sözsüz ki, İsmayıl Axundov haqqında tanınmış sənət və elm adamlarının dəyərli fikirləri onun məhsuldar fəaliyyəti haqqında dolğun təəssürat yaradır.
Təsviri sənətdə qazandığı nailiyyətlərə görə əməyi yüksək qiymətləndirilən sənətkar 1940-cı ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 1950-ci ildə isə Dövlət mükafatı (Stalin mühafatı) alıb.
1952-ci ildə rəssamın həyatında yeni bir səhifə açılır. “Molla Nəsrəddin” jurnalının satira ənənələrini davam etdirən “Kirpi” dərgisi nəşrə başlayır. Jurnalın ilk redaktoru yazıçı Əvəz Sadıq xatirələr kitabında yazır: “İsmayılı çoxdan tanıyırdım. Yaradıcılığına yaxından bələd idim. Əsərləri görənləri həm güldürür, həm də düşündürürdü. Bir tipin portretinin məntiqində geniş fikir söyləmək çətindir. Ancaq dostumuz İsmayıl bu işin öhdəsindən bacarıqla gəlir. Onun “Aya boylanan”, “Ayı oynayanda”, “Şeir yazan pişik” və s. karikaturalarını oxucular maraqla qarşılamışdılar. “Kirpi”nin tanınmasında və populyar olmasında İsmayıl Axundovun xidmətləri danılmazdır”.
Görkəmli sənətkar 1960-cı ildən yenidən Akademik Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənətkarlarla birgə çalışır. Teatrda dekorasiya sahəsinə müəyyən yeniliklər gətirir.
Respublikanın ictimai-mədəni həyatında aktiv olan rəssam eyni zamanda Moskvada keçirilən ilk kənd təsərrüfatı sərgisinin tərtibatında iştirak edib. İctimai xadim kimi də yorulmaz fəaliyyət göstərən İ.Axundov Azərbaycan Rəssamlar İttifaqının sədri olub, Bakı Şəhər Sovetinin və respublika Ali Sovetinin deputatı seçilib.
Böyük həyat coşqunluğu ilə yaşayıb-yaradan fırça ustası 13 sentyabr 1969-cu ildə vəfat edib.
Savalan Fərəcov