Azərbaycan bəstəkarlarının not məcmuələri təqdim olunub

 

Sentyabrın 21-də Milli Kitabxanada Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi üzrə nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib.

Kitabxananın direktoru Kərim Tahirov ümumilikdə 21 not məcmuəsinin təqdim olunduğunu və bu nəşrlərin uşaq musiqi məktəblərinin şagirdləri, ali musiqi məktəblərinin tələbələri, musiqişünas alimlər üçün nəzərdə tutulduğunu qeyd edib. O, kitabxananın həyata keçirdiyi musiqi layihələrindən danışıb, Beynəlxalq Petruççi Musiqi Kitabxanası ilə olan əməkdaşlıq haqqında məlumat verib, Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruççi Musiqi Kitabxanasının saytında yerləşdirildiyini diqqətə çatdırıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, Xalq artisti Siyavuş Kərimi təqdimatı keçirilən nəşrlərin əhəmiyyətindən bəhs edib, Milli Kitabxananın bu yöndə fəaliyyətini yüksək qiymətləndirib, gələcəkdə xalq mahnıları, rəqslər üçün çoxlu sayda materialların çap olunmasının vacibliyini vurğulayıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova da təqdimatın önəmindən bəhs edərək Milli Kitabxananın musiqi irsimizə töhfəsini yüksək qiymətləndirib. O, Azərbaycan bəstəkarlarının əsərlərinin nəşrinə, həmçinin atası Emin Sabitoğlunun da əsərlərinin nəfis tərtibatlı çapına görə kitabxananın rəhbərliyinə təşəkkür edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev idarənin tabeliyində fəaliyyət göstərən musiqi məktəblərində tədrisdə bu vəsaitlərə böyük ehtiyacın olduğunu söyləyib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov musiqi ilə bağlı nəşrlərin ərsəyə gəlməsinə görə Milli Kitabxanaya təşəkkür edib, belə nəşrlərin elektron variantının kitabxananın saytı vasitəsilə dünyaya yayılmasının önəmini vurğulayıblar.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova bütün təbriklərə qoşularaq, uzun illər pis vəziyyətdə olan not nəşrlərinin çapı məsələsinin artıq sistemli xarakter aldığını, konservatoriyanın bütün nəşrlərinin Milli Kitabxanaya təqdim edildiyini və vokal kafedrası üçün də vəsaitlərin çapına ehtiyac olduğunu qeyd edib.

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, not məcmuələrinin redaktoru, Xalq artisti Sərdar Fərəcov çıxış edərək layihədə əməyi keçənlərə təşəkkür edib, gələcəkdə Xalq Çalğı Alətləri Orkestri üçün də vəsaitlərin hazırlanacağını söyləyib.

Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə qarşılıqlı maraq doğuran beynəlxalq layihələrdə və proqramlarda birgə iştirak, ölkə üzrə birgə layihələrin, birgə elmi tədbirlərin hazırlanması və həyata keçirilməsi, görkəmli bəstəkarların, musiqi xadimlərinin yubileylərinin qeyd olunması, akademiyanın nəşrlərinin mütəmadi olaraq Milli Kitabxanaya təqdim olunması, bəstəkarların və musiqi xadimlərinin yeni əsərlərinin təqdimatı, kitab sərgilərinin təşkili və s. nəzərdə tutulub.

Sonda qonaqlar “Milli musiqi xəzinəmizdən” layihəsi çərçivəsində nəşr olunan not məcmuələri ilə tanış olublar.