Amma ov həvəskarları bu sahədə olan qadağalardan və ovçuluq təsərrüfatlarının zəifliyindən gileylənirlər
   
   Bu gün dünyada insanların marağını cəlb edən turizm növlərindən biri də ovçuluq turizmidir. Ölkəmizdə də bu turizm növünün inkişafı üçün imkanlar mövcuddur. Bu imkanlardan necə istifadə olunması məsələsində isə ortaya bir sıra suallar çıxır.
   
   Əcnəbi ov həvəskarları üçün cəlbedici məkan
   
   Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfov artıq 5-6 ildir Azərbaycanda quş ovuna qadağa qoyulduğunu bildirir. Onun sözlərinə görə, bəzi heyvan növlərinin, o cümlədən dovşan, qaban və dağ keçisinin ovlanmasına icazə var ki, onun üçün də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan lisenziya almaq gərəkdir: «Ümumilikdə götürdükdə ovçuluqla maraqlananlar çoxdur. Cəmiyyətin 20 mindən artıq üzvü var. Bu faktın özü ölkəmizdə ovçuluğa olan marağın göstəricisidir. Turizm şirkətləri və ölkəmizə gələn bəzi xarici qonaqlar tərəfindən bizə tez-tez müraciətlər olur».
   Cəmiyyət sədrinin sözlərinə görə, Azərbaycana səfər edən əcnəbi ov həvəskarları dağ keçisi ovuna çox maraq göstərirlər. F.Əşrəfov bildirdi ki, son vaxtlar Azərbaycana nə qədər əcnəbi ovçu turistin gəlməsini dəqiq söyləmək çətindir: “Ayrı-ayrı turizm şirkətlərinin xətti ilə də respublikaya xarici ovçular gəlirlər. Buna görə onların dəqiq sayını demək mümkün deyil”.
   
   Ovçuluq təsərrüfatları müasir tələblərə cavab vermir
   
   Ovçular və Balıqçılar Cəmiyyətinin üzvü Mahir Hümbətov deyir ki, ovçuluq turizminin Azərbaycanda geniş coğrafiyası var. Ölkəmizdə həm düzənlik, həm də dağlıq ərazilərdə turizmin bu növünün inkişafı mümkündür. Bir neçə il əvvəl “quş qripi” ilə əlaqədar quş ovuna qoyulan qadağanın hələ də qüvvədə qalmasının bütün yerli ovçularda narahatlıq yaratdığını deyən həmsöhbətimin fikrincə, ov həvəskarları üçün nə qədər əlverişli şərait yaradılarsa, bu turizm növünün inkişafına bir o qədər böyük zəmin yaranar: “Çünki ovçuluqla təkcə yerli əhali deyil, ölkəmizə səfərə gələn xarici vətəndaşlar da çox maraqlanırlar».
   Mütəxəssis deyir ki, sovet dövründə Azərbaycanda çoxlu sayda ovçuluq təsərrüfatları mövcud olub. Bu təsərrüfatların əraziləri və inzibati binaları hələ də qalır: «Lakin bu sahəyə yatırım qoyulmadığına görə həmin təsərrüfatlar müasir tələblərə cavab vermir. Ona görə də hər hansı xarici turist ovla məşğul olmaq istəsə, müəyyən problemlərlə qarşılaşır. Bu sahədə mövcud potensialdan lazımi səviyyədə istifadə edilməsi və mövcud maneələrin aradan qaldırılması Azərbaycana böyük sayda ov turizmi həvəskarının gəlməsinə təkan verə bilər».
   
   Heyvan ovu xüsusi qrafiklə tənzimlənir
   
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, Azərbaycanın təbii-coğrafi mövqeyi turizmin bütün növlərinin inkişafı üçün əlverişli imkan yaradır: «Ovçuluq turizminin inkişafı üçün də ölkəmizdə kifayət qədər potensial var. Turizmin bu növü bütün dünyada çox gəlirli biznes kimi qəbul edilir. Azərbaycan ovçuluq turizminin geniş potensialı baxımından Afrika ölkələri ilə müqayisə oluna bilər. Ölkəmizdə bir neçə min heyvan və quş növü var. Düzdür, bəzi heyvan və quşların ovlanması Azərbaycanın mövcud qanunları ilə qadağandır, bəzilərinə isə xüsusi lisenziya ilə icazə verilir».
   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə Azərbaycanda hansı heyvanların nə zaman ovlanmasına icazə verilməsinin xüsusi qrafiklə tənzimləndiyini deyir. Təkə iyun-oktyabr, qaban sentyabr-dekabr, dovşan dekabr-fevral, bataqlıq qunduzu oktyabr-fevral aylarında ovlana bilər. Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir. Quş ovuna isə “quş qripi” ilə əlaqədar hələlik qadağa qoyulub.
   H.Əlizadə onu da qeyd etdi ki, vəhşi heyvanların ovlanması müvafiq ov sahələri və ovçuluq təsərrüfatları üzrə məhdudlaşdırılır: «Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə qabanın Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllıda, təkənin Zaqatala, Şəki, Qax, Oğuzda, dovşanın isə Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda müvafiq ov sahələrində ovçuluq təsərrüfatlarında ovlanmasına icazə verilir. Eyni zamanda Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan 1 kilometrə qədər sahələrdə ov qadağan edilir. Buna riayət etməyənlər ciddi şəkildə cəzalandırılır».
   Nazirlik rəsmisi bildirdi ki, ov etmək üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən verilir.

Fəxriyyə Abdullayeva