Mətbuat Şurasında mərhum jurnalist Tahir Abbaslının kitabının təqdimatı keçirilib

 

Sentyabrın 21-də Azərbaycan Mətbuat Şurasında ustad jurnalist, yazıçı-publisist Tahir Abbaslının (1948-2021) “Publisistik taktlar” kitabının təqdimatı keçirildi. Nəşr Tahir Abbaslının vəfatından sonra işıq üzü görüb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Tahir Abbaslını peşəkar, kəsərli qələmi, özünəməxsus üslubu olan və ən əsası, peşəsinə hər zaman vicdanla yanaşan, mətbu sözün dəyərini uca tutan jurnalistlərdən biri kimi tanıdığını dedi. Qeyd etdi ki, mərhum jurnalist bu yüksək peşə keyfiyyətlərini uzun illər çalışdığı mətbuat orqanlarında, eləcə də Azərbaycan Radiosu və Televiziyasında fəaliyyəti dövründə sübut edib. Tahir Abbaslının jurnalist ömrünün son illəri “Mədəniyyət” qəzeti ilə bağlı olub. Təqdim olunan kitabda onun “Mədəniyyət” qəzetində çap edilmiş publisistik yazılarından seçmələr toplanıb. Əflatun Amaşov nəşri ərsəyə gətirən “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkür etdi.

“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev təqdimat mərasiminin təşkilinə görə Mətbuat Şurasına minnətdarlığını bildirdi. Qeyd etdi ki, Tahir Abbaslı yazılarına qarşı hədsiz həssas bir müəllif idi. Onun incəsənət, ədəbiyyat, tarixi-mədəni irslə bağlı yazıları bədii publisistikanın dəyərli nümunələridir. Nəşrdə müəllifin “Mədəniyyət” qəzetində 2011-2021-ci illərdə dərc olunmuş Azərbaycan söz-sənət irsi ünvanlı, böyük sevgi və yüksək publisistik dillə qələmə alınmış yazılarından 55 nümunə yer alıb. Kitabda yazılar “Musiqidə obrazlaşanlar”, “Söz ömrü qazananlar”, “Səhnə və ekran fədakarları”, “Rənglərin dünyasından” və “Tarixi yaddaş” adı ilə beş bölmədə təqdim edilir.

Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Tahir Aydınoğlu uzun illər dost və həmkar olduğu Tahir Abbaslı haqqında fikirlərini bölüşdü. Bildirdi ki, onu həyat özü jurnalistikaya hazırlamışdı: “Tahiri ilk vaxtlarda tanıdan Azərbaycan Radiosundakı fəaliyyəti olub. Onu sonra televiziyaya dəvət etdilər. O, ömrü boyu sadə həyat yaşadı. Tahirin əziz xatirəsi həmkarlarının, onun qələminin dəyərini bilən oxucuların qəlbində yaşayacaq”.

Tədbirdə daha sonra mərhum jurnalisti yaxından tanıyan insanlar – AMEA Folklor İnstitutunun şöbə müdiri Əli Şamil, “Şuşa” qəzetinin redaktoru, tədqiqatçı Vasif Quliyev, diaspor fəalı Qənimət Səfərov, “Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi” İctimai Birliyinin sədri Mədət Məmmədov, şair-tərcüməçi Akif Əhmədgil, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli, qəzetin əməkdaşları Həmidə Rüstəmova, Lalə Azəri və başqaları çıxış edərək Tahir Abbaslının yüksək peşəkarlıq və insani keyfiyyətlərindən söz açdılar, xatirələrini bölüşdülər.

Bildirildi ki, Tahir Abbaslı bütün həyatı boyu sözlə nəfəs alıb. O, fəaliyyəti dövründə həmişə haqq-ədalətin carçısı olub, milli düşüncənin yorulmaz təbliğatçısı kimi tanınıb. Qeyd edildi ki, Tahir Abbaslının hər bir yazısı publisistika dərsidir.

Sonda Tahir Abbaslının qohumu İlham Axundov, oğlu Üzeyir Abbasov çıxış edərək ailələri adından Mətbuat Şurasına, “Mədəniyyət” qəzetinə və tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin layihəsi olaraq “Mütərcim” nəşriyyatında işıq üzü görən kitabın tərtibçisi Fariz Yunisli, redaktoru Vüqar Əliyev, dizayneri Cavid Sərxanbəyli, korrektoru Səbinə Əlibalaqızıdır.

Xatırladaq ki, Tahir Heydər oğlu Abbaslı 1948-ci il sentyabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1958-ci ildə ailəsi Füzuli rayonunun Əhmədalılar kəndinə köçüb və o, 1965-ci ildə həmin kənddə orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə daxil olub. Tələbə ikən, 1971–1972-ci illərdə “Bakı” və “Baku” axşam qəzetlərində korrektor işləyib. 1974-cü ildə təhsilini başa vurduqdan sonra ordu sıralarında xidmət edib.

Tahir Abbaslı 1977–1994-cü illərdə Azərbaycan Teleradio Verilişləri Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri və studiya direktoru vəzifələrində çalışıb, “Səhər” proqramının yaradıcılarından olub. 1994–2004-cü illərdə müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri və baş redaktor kimi fəaliyyət göstərib.

İstedadlı publisist 2004-cü ildən taleyini “Mədəniyyət” qəzeti redaksiyası ilə bağlayıb. Müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. 2016-cı ildə yaşla əlaqədar təqaüdə çıxsa da, redaksiya ilə əlaqəsini kəsməyib, diqqətçəkən yazıları qəzetdə mütəmadi dərc olunub. Maraqlı hekayə və esselərin də müəllifi olan Tahir Abbaslı 2021-ci il iyulun 18-də vəfat edib.