Heydər Əliyev Beynəlxalq Hava Limanı bu ilin mayında Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə sərnişin axınını qəbul etməyə tam hazır olacaq.
"Azərbaycan Hava Yolları"ndan verilən məlumatda bildirilir ki, bu istiqamətdə hazırlıq işləri sürətlə davam etdirilir. Hazırda aeroportun binasında aparılan yenidənqurma işləri müsabiqə ərəfəsində başa çatacaq: «Aeroportun binasının yenidən qurulması işləri uğurla aparılır və müsabiqənin başlanmasına qədər tamamilə başa çatacaq. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində yeni aerovağzal kompleksinin tikintisi üzrə işlər aparılır. Tikinti işlərinin 2013-cü il ərzində başa çatdırılması planlaşdırılır».
Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsinin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə ayın 26-da keçiriləcək.
Fəxriyyə Abdullayeva