Təcrübəli bələdçilərə «Fəxri bələdçi» adı veriləcək
   
   Azərbaycanda uzun illər bələdçilik fəaliyyəti ilə məşğul olan bir qrup insana «Fəxri bələdçi» adının verilməsi nəzərdə tutulur. 
   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, artıq 10 nəfərin adı müvafiq dövlət orqanlarına təqdim edilib. Bir neçə aydır ki, təcrübəli bələdçilərin akkreditasiyasının aparıldığını qeyd edən prorektor bildirdi ki, ilkin olaraq onlara 30 nəfərin siyahısı təqdim olunub. Akkreditasiya Komissiyası onların arasından 10 nəfəri seçib: «Bu adamlar həyatlarını bələdçi işinə həsr ediblər».
   E.Aslanov onu da bildirdi ki, Azərbaycanda turizm sənayesinin tələbatını ödəmək məqsədilə peşəkar bələdçilərin hazırlanması üçün bir neçə istiqamətdə işlər davam etdirilir. ATİ-nin Təlim Mərkəzi tərəfindən təşkil edilən bələdçi kursları iki qrup üzrə fəaliyyət göstərir. Bu qruplarda 30 nəfər dinləyici var. Onlar aprel ayınadək kursları başa vuracaqlar: «Bir məqamı da nəzərinizə çatdırım ki, ölkəmizdə bələdçi işinin gücləndirilməsi ilə bağlı daha bir istiqamətdə işlərin görülməsi də nəzərdə tutulur. Dünya Bələdçi Federasiyaları Assosiasiyası öz üzvlərinə High Oriented Training (HOT - Yüksək səviyyəli oriyentasiya treninqi) adlı seminar keçir. Seminarda hər ölkənin milli bələdçiləri iştirak edir. Azərbaycandan həmin seminarlarda iştirak etmək üçün hər birində 12 nəfər olmaqla iki qrup müəyyənləşdirilib. Onların içərisindən treninqlərin sonunda yüksək səviyyəli 12 nəfər seçiləcək. Bu 12 nəfərə «təlimçilər üçün təlim» keçiləcək ki, sonda həmin təlimlərin iştirakçılarına «Beynəlxalq bələdçi» sertifikatı veriləcək. Bu sertifikatı alanlar nəinki Azərbaycanda, Dünya Bələdçi Federasiyaları Assosiasiyasına üzv ölkələrdə də bələdçi fəaliyyəti göstərmək hüququ əldə edəcəklər, ayrı-ayrı ölkələrə təlim üçün dəvət olunacaqlar. Artıq bununla bağlı Almaniyanın GTZ təşkilatı ilə razılığa gəlmişik».
   Qeyd edək ki, Azərbaycan Turizm İnstitutunun Təlim Mərkəzi tərəfindən ötən ilin fevralından başlayaraq, müxtəlif istiqamətlərdə turizm kadrlarının öz bilik və təcrübələrini artırması məqsədilə kurslar təşkil edilib. Bu istiqamətlərdən biri də bələdçi kurslarıdır. Artıq kursların 14 dinləyicisinə bələdçi fəaliyyəti göstərmək üçün sertifikatlar təqdim edilib.    

   Fəxriyyə Abdullayeva