Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində professor Minarə Quliyeva-Cəmşidinin “Ortaq mədəniyyət, ortaq miras” adlı fərdi sərgisi açılıb.
Sərgidə Azərbaycan və Türkiyənin ortaq mədəniyyət və mirasını əks etdirən ortaq mövzular seçilərək 30 ədəd keçə sənəti nümunəsi nümayiş olunur.
Tədbirdə Xalq rəssamı, ADRA-nın prorektoru, professor Fuad Salayev, akademiyanın Geyim və dizayn kafedrasının müdiri Nazim Yunusov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov çıxış edərək müəllifin yaradıcılığı, təqdim olunan əsərlər və keçə sənəti haqqında fikirlərini bölüşüblər.
Minarə Quliyeva-Cəmşidi bildirib ki, keçə sənətinə müraciət edərkən istifadə etdiyi simvollar qədim Göytürk yazılarıdır. O, bu sərgidə Azərbaycanın “Pazırıq” xalçasını, “Koroğlu” dastanının motivlərini, aşıq sənətini keçə üzərində əks etdirməyə çalışıb.
Müəllif sərgiyə toplaşanlara və onun bir rəssam kimi yetişməsində əməyi keçən müəllimlərinə təşəkkürünü bildirib.