Xəbər verdiyimiz kimi, yanvarın 18-dən 22-dək İspaniyanın Madrid şəhərində “FİTUR” beynəlxalq turizm sərgisi keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliliyi ilə ölkəmizin nümayəndə heyəti iştirak edib.
   
   Heyətin üzvü, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədovun sözlərinə görə, dünyanın 166 ölkəsindən 10 mindən çox şirkətin iştirak etdiyi bu nüfuzlu sərgidə Azərbaycanın turizm potensialı 52 kvadratmetrlik sahədə nümayiş etdirilib.
   Sərgi əsnasında nümayəndə heyətimiz Dünya Turizm Təşkilatının (DTT) Madriddəki qərargahında qurumun baş katibi Taleb Rifai, habelə İspaniyanın aparıcı turizm təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib. DTT-nin baş katibi Taleb Rifai ilə görüşdə ölkəmizin qurumla əlaqələrinin perspektivi, bu il aprelin 12-dən 14-dək Bakıda keçiriləcək XI “AITF” Beynəlxalq turizm və səyahətlər sərgisində DTT-nin ayrıca pavilyonla təmsil olunması, ölkəmizin statistika üzrə mütəxəssisləri üçün Azərbaycanda və ya İspaniyada təlim proqramının təşkili, 2013-cü ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunda turizm üzrə sessiyanın təşkil edilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
   Azərbaycan nümayəndə heyəti “VI Exceltur Tourism and Leadership” Forumunda da iştirak edib. Forumda “2012-ci il üçün vaxtından əvvəl əsas çağırışlar: özəl sektor liderlərinin nöqteyi-nəzərləri”, “Turizmdə dövlət və özəl sektorların əməkdaşlığı: aparıcı institutların öncə görmələri və müvəffəqiyyətli təcrübələri”, “2012-ci ildə Avropa və İspaniya iqtisadiyyatları üçün iqtisadi və istehlakçı meyillər: turizm sənayesi üçün cəlbetmələr”, “Yeni turizm siyasətinin həyata keçirilməsi və regional əməkdaşlığın təkmilləşdirilməsi” və s. mövzularda müzakirələr təşkil edilib. Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəallıq göstərib.
   Forum başa çatdıqdan sonra təntənəli açılış mərasimi keçirilən “FİTUR-2012” beynəlxalq turizm sərgisində Azərbaycan layiqincə təmsil olunub. Sərgi müddətində Azərbaycan pavilyonuna çoxlu sayda turizm şirkətlərinin nümayəndələri və yerli ziyarətçilər gəlib. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri, bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi haqqında məlumatlar verilib, ziyarətçilərə ölkəmizin turizm potensialına və Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa dair məlumat xarakterli müxtəlif reklam-çap məhsulları təqdim edilib.
   Sərgidə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfərdən ibarət heyətinin xüsusi proqramı maraqla qarşılanıb. Həmçinin ziyarətçilərə Azərbaycanın turizm potensialını əks etdirən filmlər və reklam çarxları təqdim edilib.
   Qeyd edək ki, Azərbaycan “FITUR” beynəlxalq turizm sərgisində 2007-ci ildən təmsil olunur.

   Fəxriyyə Abdullayeva