Bu il görkəmli tarzən, pedaqoq, musiqi təşkilatçısı, Əməkdar müəllim, Xalq artisti Əhmədxan Bakıxanovun (1892-1973) anadan olmasının 130 illiyidir.
Oktyabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində musiqi xadiminin yubileyinə həsr olunan tədbir keçirildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qeyd etdi ki, Azərbaycan musiqi mədəniyyəti, tar ifaçılıq sənəti bu gün də böyük müəllim, görkəmli ifaçı Əhmədxan Bakıxanovun irsindən bəhrələnir.
Muzeyin direktor müavini Təranə Zeynalova sənətkarın həyat və yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, Ə.Bakıxanov ilk musiqi təhsilini İranda alıb. Burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnib. 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə fəal iştirak edib. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub, yeni tarzənlər nəslinin yetişdirilməsinə öz töhfəsini verib. 1930-cu ildən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Azərbaycan Radiosu nəzdində ilk xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri də məhz Ə.Bakıxanov olub. 1973-cü ildən həmin ansambl sənətkarın adını daşıyır.
Tarzənin oğlu, görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə və iştirakçılara təşəkkürünü bildirdi. Qeyd etdi ki, Ə.Bakıxanovun ifaçılıq fəaliyyətinin ən parlaq səhifələrindən birini onun xalq çalğı alətləri ansamblındakı işi təşkil edir: “O, uzun illər ərzində bir sıra musiqi ansambllarının rəhbəri olub. Radio Komitəsinə 1927-ci ildə solist kimi işləməyə dəvət olunub. 1941-ci ildə Radio Komitəsi nəzdində Xalq çalğı alətləri ansamblı Ü.Hacıbəylinin təşəbbüsü ilə Ə.Bakıxanov tərəfindən təşkil olunub. Ansamblın hazırladığı proqramların ilk dinləyicisi də əksər hallarda Üzeyir Hacıbəyli özü olub. Ə.Bakıxanov bu ansambla ömrünün axırına kimi rəhbərlik edib...”.
Xalq artistləri – tarzənlər Ramiz Quliyev, Möhlət Müslümov, kamança ifaçısı Fəxrəddin Dadaşov və başqaları çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşdülər. Bildirdilər ki, Ə.Bakıxanov tələbələrinə sənətin sirlərini öyrətməklə bərabər, onlara mənən də yaxın bir dost idi.
Tədbirin bədii hissəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının solisti, Əməkdar artist, tarzən Davud Abdullayev, xanəndə Hüseyn Məlikov, Musiqi Kollecinin tələbələri, Ə.Bakıxanov adına 6 saylı musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim edildi.
Sonra muzeyin kolleksiyası əsasında hazırlanan “Əhmədxan Bakıxanov – 130” adlı slayd-şou nümayiş olundu. Görkəmli sənətkarın musiqi tərtibatçısı olduğu “Şur” sənədli televiziya filmi (1967) göstərildi.
Savalan Fərəcov