Almaniyada nəşr olunan nüfuzlu “Handelsblatt” gündəlik qəzetinin 29 yanvar tarixli sayında “Azərbaycan necə də gözəldir!” sərlövhəli məqalə dərc edilmişdir. Yanvarın 25-dən 29-dək İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunda Azərbaycanın uğurlu iştirakından bəhs edən bu məqalənin əvvəlində belə bir fakt vurğulanır ki, builki forumda ABŞ, Çin və Rusiya kimi böyük dövlətlərin üstünlüyü nəzərə çarpmırdı, lakin Azərbaycanın fəallığı aşkar hiss olunurdu.
   
   Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Davos Forumunda iştirak etdiyini nəzərə çatdıran müəllif bildirir ki, tədbir günlərində Azərbaycanın təbliğinə həsr olunmuş geniş kampaniya həyata keçirilmişdir. Məqalədə qeyd edilir ki, Davosun mərkəzində piyada gəzintilər üçün nəzərdə tutulan “Promenade” küçəsi boyunca, “Shatzalp” funikulyorunun içərisində, Konqres mərkəzində, bir sözlə, şəhərin hər yerində “sehrli rənglər diyarı” Azərbaycanın gözəlliklərini əks etdirən plakatlar asılmışdır.
   Məqalədə deyilir: “Azərbaycan həm də builki forumun rəsmi proqramının tərkib hissəsidir. Bu ölkə strateji tərəfdaşdır və ona ayrıca panel müzakirəsi həsr olunmuşdur. Prezident İlham Əliyev “Avrasiyanın gələcəyi” mövzusunda diskussiyada çıxış etdi. Azərbaycan hətta bu ölkədən gəlmiş nümayəndə heyətinin qaldığı hotelə də “əl yetirmişdir”: mehmanxananın hollunda “Azərbaycana investisiyalar. Müasir dövlətin yaradılmasında iştirak edin” başlıqlı materiallar diqqəti cəlb edir. Mehmanxana nömrələrində forumun qonaqlarını Azərbaycandan gətirilmiş xüsusi hədiyyə paketi gözləyir. Paketin içində Azərbaycan mədəniyyətinin bariz əksini tapdığı Qarabağ xanəndələrinin ifasında muğamlar yazılmış üç disk, Azərbaycan xalçaları haqqında filmlərin yazıldığı üç DVD, bu ölkənin tarixi, mədəniyyəti, memarlığı, mətbəxi və xalçaları haqqında altı buklet, 20 açıqca və nəhayət, gözəl “Schweitzelhof” hotelində “Azərbaycan gecəsi”nə dəvətnamə vardır”. Məqalədə əvvəllər “Bild” qəzetinin redaksiya heyətinin üzvü olmuş, indi isə Azərbaycana məsləhətçilik edən “Consultum Communications” agentliyinə başçılıq edən Frans-Erik Bilqesin “Azərbaycan Avropa istiqamətində inamla irəliləyir” sözləri sitat gətirilir.
   Qəzet yazır: “Burada vəziyyət İran körfəzi dövlətlərində olan vəziyyətə çox oxşayır: böyük neft və qaz ehtiyatları sayəsində Azərbaycan zəngindir, lakin onun iqtisadiyyatı şaxələnməlidir. Ölkədə maşınqayırma, informasiya texnologiyaları və turizm kimi sənaye sahələri də inkişaf etdirilir. Dubay və ya Sinqapur ilə ayaqlaşmaq üçün hələ uzun yol keçmək, ilk növbədə xarici sərmayədarları cəlb etmək lazımdır”.
   Məqalədə qeyd edilir ki, Davos Azərbaycan üçün uğurlu məkandır: “Forum ciddi sərmayədarlar axtarışı üçün ideal yerdir. Axı məhz bu forumda beş gün müddətində dünyanın siyasi və iqtisadi elitasının görüşləri keçir. Elə buna görə də Azərbaycan gecəsinə dəvət edilmiş 400 nüfuzlu qonağın əksəriyyəti zala daxil olanda bu ölkənin məsləhətçisi Bilqes sevinir. “Deutsche Bank”ın şefi Akermann və onun davamçısı Yurgen Fitşen bu tədbirə gəlməyi özləri üçün şərəf sayır, “Thyssen-Krupp” şirkətinin rəhbəri Heynrix Hissencer, RWE konserninin nümayəndələri Yurgen Qrossman və Leonard Birnbaum da gecədə iştirak edirlər”.
   Məqalədə qeyd edilir ki, “Nabukko” layihəsində Azərbaycanın iştirak etməsi çox mühüm məqamdır.
   Qəzet yazır: “Davos Forumunun sonuncu günündə azərbaycanlılar məmnun görünürlər. Onlar mühüm əlaqələr yaratmağa nail olmuşlar və yenidən diqqət mərkəzindədirlər. Konqres mərkəzində Azərbaycanın təşkil etdiyi naharda bu ölkənin milli mətbəxindən və musiqisindən həzz almaq üçün yüzlərlə qonaq gəlmişdi”.
   AZPROMO investisiya agentliyinin rəhbəri Adil Məmmədov bu nəşrə verdiyi müsahibədə demişdir: “Burada işlərin yalnız təməli qoyulmuşdur”. Onun sözlərinə görə, debüt uğurlu olmuşdur. Bu o deməkdir ki, forumda iştirak praktikası davam edəcəkdir.