Zamanın səhifələrində qalan olaylar, faktlar...
209 il əvvəl...
16 oktyabr 1813-cü ildə Leypsiq yaxınlığında Napoleon Bonapartın başçılıq etdiyi Fransa ordusu ilə müttəfiqlərin (Rusiya, Prussiya, Avstriya) birləşmiş qoşunları arasında döyüş başlanıb. Tarixə “Xalqlar döyüşü” adı ilə düşən döyüşdə Napoleonun ordusu darmadağın edilib. Fransa qoşunları 70 min hərbçi itirib (müttəfiqlərin itkisi 52 min nəfər idi). Bu məğlubiyyət Napoleonun faktiki iflası oldu.
169 il əvvəl...
16 oktyabr 1853-cü ildə Krım müharibəsi başlanıb. Qara dənizdən Yaxın Şərqədək geniş ərazidə strateji mübarizə uğrunda müharibədə Rusiya və ona qarşı Osmanlı, Britaniya və Fransa alyansı çıxış edirdi. 3 il sürən müharibədə Rusiya məğlub oldu. 1856-cı il martın 30-da imzalanan Paris sülhünə görə, Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edildi. Bessarabiyanın cənubu Osmanlıya verildi. Rusiya yalnız 1878-ci ildə Osmanlı ilə müharibədən sonra itirdiyi mövqeləri qaytara bildi.
98 il əvvəl...
14 oktyabr 1924-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (ali qanunverici orqan) Mərkəzi Asiyada milli-ərazi bölgüsü haqqında qərarından sonra Stalin regionda sovet respublikalarının xəritəsini çəkməyə başlayıb. Moskvanın qərarı ilə RSFSR tərkibində Qara-Qırğız muxtar vilayəti yaradılıb. Muxtar vilayət 2 il sonra muxtar respublikaya, 1936-cı ildə isə SSRİ-nin subyekti kimi Qırğızıstan SSR-ə çevrildi. Eyni gündə Özbəkistan SSR tərkibində Tacikistan MSSR yaradılıb. 1929-cu ildə muxtar respublika Tacikistan SSR-ə çevrildi. Bir qədər sonra (27 oktyabr) Türkmənistan SSR yaradıldı. Mərkəzi Asiyada milli-ərazi bölgüsü 1936-cı ildə yekunlaşdı.
61 il əvvəl...
17 oktyabr 1961-ci ildə Moskvada Sov.İKP-nin 22-ci qurultayı işə başlayıb. İki həftə sürən qurultayda SSRİ-də sosializmin tam və qəti qələbəsinin təmin edildiyi və növbəti mərhələnin – kommunizm quruculuğu dövrünün başlandığı bəyan edilib. Sovet dövlətinin rəhbəri Nikita Xruşşov 1980-ci illərdə SSRİ-də kommunizmin bərqərar olacağını bildirib. Üç il sonra (14 oktyabr 1964-cü ildə) Xruşşovu istefaya göndərdirlər, 80-ci illərdə isə SSRİ-nin süqutu başlandı.
58 il əvvəl...
16 oktyabr 1964-cü ildə Çin ilk nüvə bombasını sınaqdan keçirib. Bu ölkədə nüvə silahı üzərində tədqiqatlar 1955-ci ildə SSRİ-nin köməyi ilə başlanmışdı. Öz bombasını əldə edən Çin dünyanın “nüvə klubu”nun beşinci (ABŞ, SSRİ, Britaniya və Fransadan sonra) üzvü, 1966-cı ildən isə BMT TŞ-nin də daimi üzvü oldu.
55 il əvvəl...
14 oktyabr 1967-ci ildə Cənubi Yəməndə müstəqil respublikanın yaranması ilə ölkənin ikiyə bölünməsi rəsmiləşib. Yəmən XVI əsrdən Osmanlı imperiyasının tərkibində olmuş, XIX əsrdə Britaniya protektoratlığına keçmişdi. XX əsrdə şimal və cənub arasında din-məzhəb ayrılığından da qaynaqlanan münaqişə başlanmış, 1962-ci ildə şimalda Yəmən Xalq Demokratik Respublikası yaranmışdı. 1990-cı ildə şimal və cənub vahid dövlətdə (Yəmən Respublikası) birləşsə də, qarşıdurma hələ də tam aradan qalxmayıb.
29 il əvvəl...
14 oktyabr 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 874 saylı qətnamə qəbul edib. Bu, Ermənistan-Azərbaycan münaqişəsinə dair sayca üçüncü qətnamə (ondan öncə 822, 849 saylı qətnamələr qəbul olunmuşdu) idi. Sənəd ümumi xarakterli idi və tərəfləri münaqişənin dinc yolla həllinə çağırmaqla kifayətlənirdi.
19 il əvvəl...
15 oktyabr 2003-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına görə, səsvermədə seçicilərin 71 faizi iştirak etmişdi. Baş nazir İlham Əliyev 76,84 faiz səs qazanaraq Azərbaycanın yeni Prezidenti seçildi.
14 il əvvəl...
15 oktyabr 2008-ci ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərində İlham Əliyev ikinci müddətə dövlət başçısı seçilib. Rəsmi nəticələrə əsasən, ölkə üzrə seçicilərin 75,6 faizi səsvermədə iştirak etmiş və seçicilərin 88,73 faizi İlham Əliyevə səs vermişdi.
Hazırladı: V.Orxan