Çexiyanın Brno şəhərində Azərbaycan mədəniyyətinə həsr olunmuş musiqili təqdimat keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Çex-Azərbaycan Birliyinin Brno üzrə nümayəndəsi Emin Rəsulzadənin təşəbbüsü ilə baş tutan tədbirdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizin tarixi, zəngin mədəniyyəti və adət-ənənələri barədə məlumat verilib, “Şərbət” musiqi qrupunun ifasında Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın populyar nəğmələri səsləndirilib.
Milli mətbəximizin təamlarının təqdim olunduğu tədbirdə əyləncəli oyunlar da keçirilib. Qaliblərə kitablar, Azərbaycan çayı və şərabı hədiyyə edilib.