“Əsas hədəfimiz TEDQUAL sertifikatını əldə etməkdir”
Azərbaycan Turizm İnstitutunun bir qrup əməkdaşının yanvarın 30-dan fevralın 4-dək Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində (DAU) təcrübə mübadiləsində olması barədə xəbər vermişdik. ATİ-nin Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirlinin rəhbərliyi ilə institutun müəllim və tələbələrindən ibarət 20 nəfərlik heyət “XXI əsrdə turizmin və mədəniyyətin menecmentinin tədrisində kurrikulumun rolu” mövzusunda kursunun dinləyicisi olub.
Dekanın sözlərinə görə, Şimali Kipr universiteti iki dəfə Dünya Turizm Təşkilatının TEDQUAL sertifikatını alıb. Bu sertifikat turizm təhsili sahəsində beynəlxalq təhsil sənədidir: “Biz də 2016-cı ilə qədər ATİ-nin TEDQUAL sertifikatını almasını hədəf götürmüşük. Ona görə də səfərimizin əsas məqsədi Doğu Akdeniz Universitetinin bu sahədə təcrübəsindən yararlanmaq idi. Səfər çərçivəsində həmçinin Turizm və Hotelçilik Məktəbində tədqiqat metodları, turizm və qonaqpərvərlik sənayesinin idarə edilməsinin marketinqi, turizm və rekreasiya sənayesinin marketinqi üçün silabusların (tədris proqramlarının) tərtib edilməsi mövzusunda sual-cavab xarakterli görüşümüz oldu. Bizdə də bu ixtisaslar tədris olunur. Ona görə də görüşdə bu mövzunu müqayisəli şəkildə araşdırdıq. Sonrakı günlərdə TEDQUAL sistemi haqqında seminarlarda iştirak etdik”.
N.Nəsirli qeyd etdi ki, Doğu Akdeniz Universitetində keçirilən bir həftə ərzində ATİ ilə bu ali məktəb arasında tədris sahəsində əsasən bir-neçə istiqamətdə fərq olduğunu görüblər: “Onlar əmək bazarı, dövlət və akademik heyətlə iş sahəsində bizdən daha sistemli variantda işləyirlər. Ali təhsil müəssisələri arasında əlaqələrin tənzimlənməsi üçün qurum yaradıblar. Bu quruma həm əmək bazarında iş təklif edənlər həm dövlət nümayəndələri, həm də akademik heyətdən nümayəndələr daxildir. İldə iki dəfə onların rəsmi müzakirə seminarı keçirilir. Bu seminarda əmək bazarı öz təkliflərini verir, yəni hazırlanacaq kadrda hansı keyfiyyətləri görmək istədiklərini bildirirlər, dövlət isə öz tələblərini qoyur. Təhsil müəssisəsi onlara uyğun olaraq, öz proqramında, kurrikulumlarında dəyişikliklər aparır. Artıq həmin təcrübəyə əsaslanaraq, biz də belə bir qurumun yaradılması məsələsini müzakirə etmişik. Bu ilin yayında Doğu Akdeniz Universitetinin nümayəndələri də ATİ-yə gələcək və bu istiqamətdə növbəti müzakirələrimizi davam etdirəcəyik”.
N.Nəsirli onu da bildirdi ki, dünyanın 20-yə yaxın turizm təhsili verən universiteti TEDQUAL sertifikatını alıb. MDB məkanında isə hələlik bu sənədi alan ali məktəb yoxdur: “Biz bununla bağlı proseslərə hələ 2008-ci ildən başlamışıq. Digər tərəfdən isə Turizm İnstitutu olaraq nəinki Azərbaycanın, Qafqaz və Mərkəzi Asiya bölgəsində Dünya Turizm Təşkilatının treninq mərkəzi olmaq mandatını əldə etmək istəyirik. Belə bir təcrübə var. DTT dünyanın bir neçə ölkəsində universitetləri özünün regional təlim bazası elan edib. Bu nə üçün lazımdır? Əvvəla, bu bizə beynəlxalq status verəcək. Eyni zamanda isə regionda turizm sahəsində keçiriləcək beynəlxalq seminarlar, konfranslar, treninqlər ATİ-də mərkəzləşmiş şəkildə təşkil olunacaq”.
Fəxriyyə Abdullayeva