Zamanın səhifələrində qalan olaylar, faktlar...
155 il əvvəl...
18 oktyabr 1867-ci ildə Rusiyadan satın alınan Alyaska rəsmən ABŞ-ın ərazisi elan edilib. Rusiya İmperiyası Senatı həmin ilin 30 martında imzalanmış müqaviləni təsdiq etdikdən sonra müvafiq protokol ABŞ rəsmilərinə təqdim edilib. Rusiya səyyahları tərəfindən kəşf olunan və imperiyanın ərazisi elan edilən Alyaska (1,5 milyon kvadrat kilometr) o dövr üçün böyük məbləğ sayılan 7,2 milyon dollara (qızılla) ABŞ-a satılmışdı. Məsələ ABŞ Konqresində müzakirə olunarkən bir sıra qanunvericilər təşəbbüsün müəllifi olan dövlət katibi Vilyam Struvardı ölkənin vəsaitini “nəhəng buzlağa görə” israfda ittiham etmişdi. İllər sonra bu buzlaqların arasında zəngin neft yataqları aşkarlandı. 18 oktyabr ABŞ-da “Alyaska günü” kimi qeyd edilir.
111 il əvvəl...
18 oktyabr 1911-ci ildə Osmanlı ilə İtaliya arasında Liviya uğrunda gedən müharibənin başa çatmasına dair sülh sazişi imzalanıb. Sazişə əsasən, Osmanlı paytaxt Tripoli də daxil olmaqla Liviyanın bir hissəsini İtaliyanın nəzarətinə keçməsinə razılaşıb, İtaliya isə Aralıq dənizindəki Dodekan (On iki ada) adalarını Osmanlıya verib. Lakin Osmanlının zəif düşdüyü bu zamanda adalara nəzarəti Yunanıstan ələ keçirib.
101 il əvvəl...
18 oktyabr 1921-ci ildə RSFSR tərkibində Krım Muxtar Sovet Sosialist Respublikası (mərkəzi Simferopol şəhəri) yaranıb. 1944-cü ildə Krım tatarları Orta Asiyaya sürgün edildi, bir il sonra vilayətin muxtariyyət statusu ləğv edildi. 1954-cü ildə Ukraynanın Rusiyaya birləşməsinin 300 illiyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına (19 fevral) əsasən, Krım Ukrayna SSR-ə verildi. Krım tatarlarının böyük hissəsi isə öz torpaqlarına dönə bilmədi. 2014-cü ildə Rusiya Krımda əksəriyyət təşkil edən rus əhali arasında referendumu əsas götürərək Krımı ilhaq etdi.
99 il əvvəl...
20 oktyabr 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi “Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında” dekret qəbul edib. Bir il əvvəl MİK latın əlifbasının ərəb əlifbası ilə bərabər hüquqa malik olması haqqında dekret vermşdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.
41 il əvvəl...
20 oktyabr 1981-ci ildə Mingəçevirdə respublika energetikasının flaqmanı – “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci bloku istifadəyə verilib. İnşası 1974-cü ildə başlanan stansiya Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir, son illərədək ölkənin enerji tələbatının yarısını (2400 Mvt) təmin edirdi. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı fərmana əsasən, 20 oktyabr Azərbaycanda “Energetiklər günü” kimi qeyd olunur.
31 il əvvəl...
18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub. 6 fəsildən ibarət sənədin preambulasında Azərbaycan Respublikasının 1918-1920-ci illər Xalq Cümhuriyyətinin varisi olduğu, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı. “Müstəqillik Günü” haqqında Azərbaycan Respublikasının Qanununa (15 oktyabr 2021-ci il) əsasən, 18 oktyabr Müstəqilliyin Bərpası Günü elan edilib.
Hazırladı: V.Orxan