Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

419 il əvvəl...

21 oktyabr 1603-cü ildə Təbrizdə Osmanlı hakimiyyəti əleyhinə üsyan başlayıb. Üsyandan istifadə edən Səfəvi hökmdarı I Şah Abbas qoşunları ilə Təbrizə daxil olaraq Osmanlı qüvvələrini şəhərdən çıxarıb. Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibə (1603-1612) başlanıb. Osmanlı bundan öncəki müharibədə (1578-1590) qalib gələrək Şimali və Qərbi Azərbaycanı, həmçinin Cənubi Azərbaycanın bir hissəsini (Təbriz, Marağa) ələ keçirmişdi. Yeni müharibədə Səfəvilər üstün oldu və I Şah Abbas sələfi Məhəmməd Xudabəndənin itirdiyi torpaqları geri aldı.

 

217 il əvvəl...

21 oktyabr 1805-ci ildə İspaniya və Fransanın birləşmiş donanması ilə Böyük Britaniyanın dəniz qüvvələri arasında Trafalqar burnu yaxınlığında (İspaniyanın Atlantik okeanı sahillərində) böyük döyüş olub. İngilis admiralı Horatsio Nelsonun donanması ispan-fransız qüvvələrini darmadağın edib. Qarşı tərəfin 18 gəmisi batırılıb, 7 min nəfər döyüşçüsü həlak olub. İngilislərin itkisi 1700 nəfər idi. Admiral Nelson da döyüşdə həlak olub. Bu tarixi döyüş sayəsində Britaniya dünya okeanında hökmranlığı ələ aldı.

 

105 il əvvəl...

22 oktyabr 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Sovetinə seçkilər keçirilib. Seçkidə 40 faiz səs toplayan “Müsavat” partiyası qələbə qazanıb, ikinci yeri eserlər – “sosialist-inqilabçılar” (30 faiz) tutub. Seçkidə üçüncü (16 faiz) olan Şaumyanın başçılıq etdiyi bolşeviklər (Rusiya K(b)P-nin Bakı komitəsi) nəticələri tanımadılar. Petroqradda 25 oktyabr (7 noyabr) çevrilişindən (Müvəqqəti hökumətin devrilməsi) sonra Bakı bolşevikləri də zorakılıqla Bakı Sovetinin İcraiyyə Komitəsində yerlərin çoxunu ələ keçirdilər.

 

67 il əvvəl...

23 oktyabr 1955-ci ildə II Dünya müharibəsinədək Almaniyanın ərazisi olmuş Saar bölgəsinin müqəddəratı ilə bağlı yerli referendum keçirilib. Müharibədən sonra Saar Fransanın nəzarətinə keçmişdi, AFR isə bölgəni geri tələb edirdi. Referendumda əhalinin böyük əksəriyyəti bölgənin Almaniyaya qaytarılmasına səs verdi. Fransa referendumun nəticələrini tanıdı və zəngin kömür mədənləri olan bölgə Almaniyaya qaytarıldı.

 

66 il əvvəl...

23 oktyabr 1956-cı ildə Macarıstanda antisovet çıxışları (23 oktyabr – 4 noyabr) başlanıb. Aksiya iştirakçıları Macarıstanın “Varşava bloku”ndan çıxmasını, sosialist inkişaf yolundan əl çəkməsini tələb edirdilər. Çıxışlara rəhbərlik edən Macarıstan KP-nin islahatçı qanadının lideri İmre Had hökumətin başçısı seçildi. Moskvanın təlimatı ilə partiyada Yanoş Kadarın başçılıq etdiyi mühafizəkarlar hökuməti tanımadı və özləri “müvəqqəti hökumət” qurdular, sonra isə kömək üçün Moskvaya müraciət etdilər. SSRİ və “Varşava bloku” ölkələrinin hərbi kontingenti Budapeştə yeridildi, “antiinqilabi qiyam” yatırıldı.

 

49 il əvvəl...

23 oktyabr 1973-cü ildə növbəti Ərəb-İsrail müharibəsi başa çatıb. 1967-ci ildəki “Altıgünlük müharibə”də (5-10 iyun) məğlubiyyətin əvəzini çıxmağa çalışan ərəb dövlətləri koalisiyası istəyinə nail ola bilməyib. Üstəlik, bu savaşda İsrail qoşunları Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini (paytaxt Dəməşqin 50 kilometrliyində) ələ keçiriblər.

 

35 il əvvəl...

21 oktyabr 1987-ci ildə Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən istefa verib. Sov.İKP MK-nın plenumunda Heydər Əliyevin partiyanın ali orqanından – Siyasi Büro üzvlüyündən istefası qəbul olunub. Ertəsi gün Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən də istefa verdi. Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər M.Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start verdilər.

 

29 il əvvəl...

21 oktyabr 1993-cü ildə Azərbaycan Respublikası ilə Braziliya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

20 il əvvəl...

22 oktyabr 2002-ci ildə Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin “Merkuri-2” gəmi-bərəsi Bakının 130 kilometrliyində qəzaya uğrayaraq batıb. Bərədə olan 51 nəfərdən yalnız 9 nəfəri xilas etmək mümkün olub. Bu, Azərbaycanın gəmi nəqliyyatı tarixində ən böyük qəza idi.

Hazırladı: V.Orxan