Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin tapşırığına əsasən, vilayətin Nərimanov şəhərində Müslüm Maqomayevin büstü qoyulacaq. Müvafiq qərarın Azərbaycan ilə Həştərxan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə qəbul edildiyi bildirilir.
Məlumatda vurğulanır ki, 2022-ci ildə əfsanəvi azərbaycanlı müğənni və bəstəkar, öz səsi ilə milyonlarla dinləyicinin qəlbini fəth etmiş Müslüm Maqomayevin 80 illiyi qeyd edilir.
Hazırda Nərimanov şəhərində abidə üçün pyedestalın quraşdırılması ilə bağlı iş gedir. Sponsorlar və xeyriyyəçilər büstün büdcədənkənar vəsait hesabına qoyulması təşəbbüsünü dəstəkləyiblər. Büstün noyabrın 1-də açılması planlaşdırılır.
Qeyd edək ki, Həştərxan vilayətinin Nərimanov rayonu ilə Bakının Nərimanov rayonu arasında qardaşlaşma münasibətləri var.