Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

227 il əvvəl...

24 oktyabr 1795-ci ildə Polşanın (Reç Pospolita) 3-cü dəfə bölüşdürülməsinə dair Rusiya, Prussiya və Avstriya arasında “Peterburq sazişi” imzalanıb. Polşanın dövlət kimi mövcudluğuna son qoyulub. Polşanın bölüşdürülməsinə dair öncəki iki saziş 1772 və 1793-cü illərdə imzalanmışdı. Nəticədə Reç Pospolitanın tərkibinə daxil olan indiki Litva, Belarus və Ukraynanın bir hissəsi Rusiyanın nəzarətinə keçdi.

 

93 il əvvəl...

24 oktyabr 1929-cu ildə Nyu-York Fond Birjasında ABŞ şirkətləri səhmlərinin sürətlə qiymətdən düşməsi ilə ölkə görünməmiş maliyyə böhranına yuvarlanıb. Tarixə “qara cümə axşamı” adı ilə düşən bu hadisə Amerikada “böyük depressiya”nın başlanğıcı oldu. Tezliklə “böyük depressiya” əksər Avropanı da bürüdü.

 

77 il əvvəl...

24 oktyabr 1945-ci ildə BMT-nin Nizamnaməsi qüvvəyə minib, təşkilat rəsmən fəaliyyətə başlayıb. 1945-ci il iyunun 26-da San-Fransiskoda (ABŞ) keçirilən beynəlxalq konfransda qəbul olunan sənədə 40-dan çox ölkə (o cümlədən SSRİ, ABŞ, Britaniya) imza atmışdı və 29 ölkənin ratifikasiyasından sonra BMT Baş Assambleyasının 1-ci sessiyası işə başladı. Hazırda 193 ölkə BMT-nin üzvüdür.

 

62 il əvvəl...

24 oktyabr 1960-cı ildə Qazaxıstandakı Baykonur kosmodromunda kosmik raketin sınaq buraxılışı zamanı dəhşətli partlayış baş verib. Nəticədə SSRİ-nin Strateji Raket Qoşunlarının komandanı marşal Mitrofan Nedelin başda olmaqla 160 nəfər yüksək hərbi zabit və konstruktorlar heyəti həlak olub.

 

58 il əvvəl...

24 oktyabr 1964-cü ildə Britaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Şimali Rodeziya Zambiya adı altında müstəqilliyini elan edib.

 

55 il əvvəl...

26 oktyabr 1967-ci ildə İranda Pəhləvilər sülaləsinin sonuncu nümayəndəsi – şah Məhəmməd Rza Pəhləvi taxta çıxıb. Onun hakimiyyəti 1979-cu ilədək çəkdi və həmin il İslam inqilabı nəticəsində İranda monarxiya devrildi.

 

51 il əvvəl...

25 oktyabr 1971-ci ildə Çin Xalq Respublikası BMT-yə üzv olub. ÇXR 1949-cu ildə elan edilsə də, uzun müddət ABŞ-ın əngəli üzündən BMT-yə qəbul edilmirdi. Həmin il xalq inqilabından sonra Qomindan rejiminin rəhbərliyi Tayvana qaçaraq orada “Çin Respublikası” elan etmişdi və Vaşinqtonun səyi ilə bu “respublika” BMT-yə qəbul olunmuşdu. 1971-ci ilədək Tayvan (“Çin Respublikası” adı ilə) BMT-də Çini təmsil edib. 1966-cı ildə Pekinin nüvə silahına malik olması vəziyyəti dəyişdi, ÇXR Tayvanın BMT-dəki yerini aldı, üstəlik TŞ-nin 5 daimi üzvündən biri oldu.

 

30 il əvvəl...

24 oktyabr 1992-ci ildə ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna – “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəliş əlavə edilib. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi. 2001-ci ilin sonunda Konqres ABŞ Administrasiyasının müraciəti əsasında onun qüvvəsini dayandırsa da, düzəliş rəsmən ləğv olunmayıb.

 

25 il əvvəl...

25 oktyabr 1997-ci ildə Azərbaycan neftinin Şimal marşrutu – Bakı-Novorossiysk (Qara dəniz) neft kəməri ilə ixracı başlanıb. Sovet dövründə çəkilən boru xətti (uzunluğu 800 km, nəql gücü ildə 5 milyon ton) Çeçenistandakı müharibə səbəbindən bir neçə il fəaliyyətsiz qalmışdı. 1999-cu ildə Azərbaycan neftini dünya bazarına daşıyan ikinci kəmər – Bakı-Supsa (Qara dəniz) işə düşdü.

 

20 il əvvəl...

23-26 oktyabr 2002-ci ildə Moskvada “Nord-Ost” terroru baş verib. Oktyabrın 23-də axşam Mavsar Barayevin başçılığı ilə “ölüm kəməri” bağlamış 40-a yaxın çeçen mənşəli şəxsdən ibarət dəstə Dubrovka teatr mərkəzinə basqın edərək “Nord-Ost” müziklini izləyən 850-dək tamaşaçını girov götürüb. Terrorçular Rusiya qoşunlarının Çeçenistandan çıxarılmasını və Çeçenistanın müstəqilliyinin tanınmasını tələb ediblər. Müxtəlif dairələrin apardıqları danışıqlar sayəsində terrorçular bir neçə nəfəri (o cümlədən 4 azərbaycanlı) buraxıblar. Oktyabrın 26-da səhərə yaxın xüsusi təyinatlıların  binaya “yuxu qazı” buraxaraq başlatdığı əməliyyat nəticəsində terrorçular məhv edilib. Eyni zamanda 130 (rəsmi rəqəmlərə görə) girov həlak olub.

Hazırladı: V.Orxan