Elmir Mirzəyevin müəllif konserti xəzan fəslinin zülmət gecəsini nura boyadı

 

Yox, bu dəfə taksidən düşənləri yarıqaranlıq salonda bir ümid pıçıltıları gözləyirdi. Bir də əngin musiqinin, itmiş xəyalların, hüdudsuz arzuların və hər şeyə rəğmən heç vaxt öləziməyən ümidlərin sonatası.

Yağışın küləklə sövdələşibmiş kimi adamları önünə qatıb sağa-sola sovurduğu növbəti payız axşamıdır. Şəhərin cansıxıcı tıxacının, hövsələsini basa bilməyən sürücülərin avtomobillərinin siqnalı ilə uşaq kimi oynamasının və yerdə qərar tutmayan qızılı yarpaqların müşayiətində Beynəlxalq Muğam Mərkəzinə (BMM) tələsənlər də az deyildi. Zəngin klassik musiqi sorağına toplaşanlar sevincli, bir az da həyəcanlı idilər. Öz aralarında nəyinsə qızğın müzakirəsini edir, konsertin proqramını vərəqləyir və tez-tez saatlarına baxırdılar.

Onlardan fərqli olaraq müəllif çox sakit, məmnun və bir az da rahat idi. Hətta, mənə görə, ənənəvi konsert, tamaşa öncəsi ev sahibi olan yaradıcı şəxslərdən daha azad idi. Mərkəzin foyesindəki divanda əyləşib xoş təbəssümlə ətrafı seyr edirdi.

Əslində, qəribsəsəm də, məhz bu məqam lap xoşuma gəldi. Özündən, işindən və tamaşaçısından əminlikdə bir başqa həzz də var idi: qoy, bu dəfə də dinləyici intizarda qalsın...

Oktyabrın 20-də BMM-də əsərləri vətənindən çox dünyada tanınan və sevilən azad ruhlu musiqiçi, fərqli yaradıcılıq üslubu ilə seçilən bəstəkar Elmir Mirzəyevin ilk müəllif konserti keçirildi. “Alleqoriya Sakra” adı verilən konsert proqramı zəngin, dolğun və fərqli idi. Ən əsası da, spesifik tamaşaçıya hesablanmış təsiri bağışlayan proqram hər nəsildən və musiqi zövqündən insanları bir araya gətirə bilmişdi.

Bəstəkarlıqla yanaşı, musiqişünas və publisist kimi də tanınan Elmir Mirzəyev bir çox müasir musiqi layihələrinin təşkilatçısı, “SoNoR” müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995-2005) kimi 90-cı illər nəslinə yaxşı məlumdur. Postsovet dövrünün ilk müasir musiqi kollektivi olan bu  ansamblı o, sənət dostları – pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədovla birgə yaratmışdı.

Dünyanın müxtəlif məşhur musiqi təhsili ocaqlarında mühazirələr oxuyan, beynəlxalq musiqi, incəsənət layihələrində imzası olan, əsərləri məşhur orkestrlərin proqramına daxil edilən bəstəkarın həmvətənləri üçün təşkil edilən ilk müəllif konserti üç saata yaxın davam etdi. Musiqiçi 20 il ərzində yaratdığı əsərlərin əksər hissəsini təqdim edə bildi.

Konsert dirijor Orxan Həşimovun rəhbərliyi ilə “Cadenza” orkestri və müxtəlif solistlər tərəfindən yüksək peşəkarlıqla təqdim olundu. Mübaliğəsiz demək olar ki, musiqi axşamında ifa olunan əsərlər Azərbaycan müasir bəstəkarlıq məktəbinin layiqli nümunələri sırasındadır. Konsert səhnədə musiqi alətlərinin, yəni orkestrin düzülüşündən “danışan işıq” həllinə qədər fərqli bir ovqat, teatrlaşdırılmış “oyun” öz sözünü deyirdi...

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva səhnəyə çıxaraq musiqiçi haqqında ətraflı məlumat verdi. Bəstələri sadaladıqca onların hər birinə ayrıca obraz, daha doğrusu, ənənənin ümumiləşmiş fiquru kimi baxan müəllifin ideya və düşüncə qatındakı xırdalıqları, məna yükünü sadaladı.

İntizarlı tamaşaçı ilk öncə səhnəyə qalxan zərb alətləri kvartetini, ardınca da dördlüklə tək “mübarizə aparan” zərif fleytanı alqışladı.

İlk əsər müəllifin 2011-ci ildə ərsəyə gətirdiyi “Evrikidanın qisasının identifikasiyası” idi. İnstrumental teatr xeyirlə şərin, güclü ilə zəifin, ağla qaranın mübarizəsi fonunda təsir gücünün ifadəsinə görə fərqliliyini göstərdi.

Tarım əsəblər, müasir insanın həyat ilə təkbaşına mücadiləsinə qalib-məğlub axtarışları “Rəmzi üçüncü sükut” sayəsində “pozuldu”. Müəllifin 90-cı illərdə yaratdığı bu əsərin ardınca “Nəhayət ki, gəldiniz” səsləndi və intizarın sona yetməsi tamaşa salonuna çoxdan axtardıqları nostalgiya havasını gətirdi.

“Fəyyum portretləri I”, “4 mahnı”, “Ayin II” zərb alətləri, qanun, violonçel, klarnet, gitara, piano alətlərinin müşayiətində öz həqiqətini dilləndirdi. Salondakılar bəstəkarın özünəməxsus, bəzən qəfil ideyadan təsirlənərək qələmə aldığı əsərlərin təkcə musiqi həzzini deyil, ayrılıqda instrumental səhnə həllini də görürdülər.

Ümumiyyətlə, musiqi axşamının proqramı geniş və rəngarəng panoram təqdim etdi. Məhz tembr həlli, yeni instrumental vasitələrin tətbiqi, gərginlik və ya aydınlıq yaradan müxtəlif səslərin orijinal “hörülməsi” yeni bədii ekspressiyaya gətirib çıxardı.

Əslində, müəyyən məqamlarına görə bu musiqi axşamı sanki bir ritual idi: qəribə energetikası, ovsunlamaq gücü vardı. Ziddiyyətlər içində boğulan insanlığın xilasının yenə də musiqidə olduğuna inam ifadə olunurdu. Bu mənada dörd ifaçının iştirakı ilə təqdim olunan “Ölüm fuqası” adlı instrumental konsert bəstəkarın sarsıntı və qəlb çırpıntılarının dinləyiciyə birbaşa hiss etdirilməsinə hesablanmışdı. 

Amma hər qaranlıq sonda günəşin zərrəsi ilə mütləq ki, aydınlanır. Əksini düşünmək belə mümkün deyil. Təsəvvür edirsiz, qapqara bir kədər bütün  dünyanı əsirinə çevirir və insanlıq ruhunu ona təslim edir. Yox, bir musiqiçi bunu heç kimə rəva görməz. Sağ olsun, heç görmədi də. Proqramın sonundakı “Alleqoriya Sakra” xilas nurunu “səpdi”. 2015-ci ildə yazılan iki ifaçı üçün əsər al şəfəqli günəşin gözqamaşdıran təsviri də sayıla bilər...

Qərib duyğulara hakim kəsilən konsertin mükəmməl təqdimatında orkestrin böyük əməyi vardı.

Musiqi sayəsində, ani də olsa, ayrı-ayrı ruh qatlarında görüşən adamlar səssizliyin bağrını gurultulu alqışları ilə yarıb, payızda itən keçmişin xoş nostalgiyasında küçə işıqlarının müşayiətində gözdən itdilər. Hamını yola salandan sonra dərindən nəfəs alan bəstəkar isə xeyli düşüncəli idi. Bir az da qayğılı. Bu isə çox möhtəşəm mənzərə idi. Demək, növbəti görüş üçün “O uzaq günlərin itmiş açarı...” tapılmışdı...

H.Nizamiqızı