140 yaşlı teatrın parlaq dünəninə bir nəzər...

 

Teatr işi ilə məşğul olmaq, onu yaratmaq və yaşatmaq çox çətin məsələdir. Böyük fədakarlıq tələb edən və məhrumiyyətlərlə dolu teatr sənəti xalqımızın həyatının bütün həlledici məqamlarında istinad yeri ola bilib. Bu heç də gəlişigözəl söz, yaxud bir toplumun mədəni səviyyəsini təyin üçün seçilmiş ifadələr deyil.

Gələn il peşəkar Azərbaycan teatrı 150 illiyini qeyd edəcək. Bu tarixin zənginləşməsində, sözsüz ki, xalqımızın mədəniyyətinin özünəməxsus inkişaf yoluna bələdçilik edən qədim İrəvanın sənət mühitinin də öz yeri var. Bu il İrəvanda peşəkar Azərbaycan teatrının yaranmasının 140 illik yubileyidir. Prezident İlham Əliyev 14 iyul 2022-ci il tarixində bu əlamətdar yubileylə bağlı sərəncam imzalayıb.  

Bu materialı hazırlayarkən çoxsaylı mənbələrlə tanış oldum. Belə qənaətə gəldim ki, doğrudan da, İrəvanda teatr, səhnə sənətinə maraq bu peşəkar teatrın tarixindən (1882) daha əvvələ gedib çıxır.

Onu da qeyd edim ki, Qulam Məmmədlinin “Azərbaycan teatr salnaməsi” (1975) və İsrafil Məmmədovun “İrəvan dəftəri III. Teatr tariximizdən səhifələr” (2008) kitablarında bu barədə kifayət qədər məlumat var və yazıdakı istinadların əksəriyyəti bu mənbələrdir.

Məlum olduğu kimi, daha çox XIX yüzilliyin ikinci yarısı İrəvan quberniyasında yaşayan azərbaycanlılar üçün, həqiqətən də, təəssüf və qürur hissi doğuran bir dövr olub. Məkan dəyişməz qalsa da, zaman dəyişib, həyatın məcrası, yaşam fəlsəfəsi, ictimai fikrin inkişaf meyli yenilənib. Bir yanda etnik təmizləmə, ruslaşdırma, erməniləşdirmə, deportasiya, repressiya siyasəti qəddarlıqla davam etdirilib, o biri yanda da azərbaycanlılarda dözmək, müqavimət göstərmək, mənalı yaşamaq və yaratmaq əzmi güclənib.

Beləcə, milli mədəniyyətin aşkar, daha canlı, daim düşünməyə səsləyən təcəssümü olan səhnə sənətinin intibahına meyil gözəçarpacaq dərəcədə güclənib, daha geniş dairələri əhatə edib. İrəvanın ziyalıları, məmurlar, tələbə və şagirdlər, müxtəlif peşə sahibləri olan şəhər sakinləri, teatr həvəskarları, fədailər bu işə can yandırmağa başlayıblar. İstək və diləklərini soydaşlarına çatdırmaq, yoxsul tələbə və şagirdlərə yardım etmək məqsədilə pyeslər yazıb, tamaşalar göstəriblər.

Konkret olaraq tarixi faktlara əsasən 1882-ci il aprelin 2-də İrəvandakı qızlar məktəbinin salonunda, şəhərin kasıb azərbaycanlı tələbələrinə kömək məqsədilə V.Mədətovun (Nəzmi) “Tamahkarlıq düşmən qazanar” pyesi oynanılıb. Bu üçpərdəli komediyanı azərbaycanlı teatr həvəskarları tamaşaya qoyublar. Məşədi Fərəc rolunda pyesin müəllifi, Məhəmmədqulu rolunda Mirzə Xəlil Hacıyev, Fətəli Mirzə rolunda Rüstəmxan Abbasquluxanov, Həsən obrazında Məhəmməd adlı bir nəfər çıxış edib.

Tamaşa haqqında həmin dövrdə mətbuatda dərc olunan resenziyada deyilir: “İrəvanın kasıb müsəlman tələbələrinə kömək məqsədilə Azərbaycan türklərinin dilində ikinci dəfə oynanıldı”. Həvəskar artistlərin səhnə davranışına qiymət verərkən müəllif onları iki qrupa bölür: birinci dəfə səhnəyə çıxanlar, əvvəlki tamaşada çıxış edənlər: “Birinci dəfə səhnəyə çıxmasına baxmayaraq Mirzə Xəlil Hacıyev öz təbii oyunu ilə hamını heyran etmişdi”.

Bu məlumatdan da İrəvanda azərbaycanlıların teatrla sistemli məşğul olması aydın olur.

 

Cəfası səfasından çox olsa da...

 

Sistemli şəkildə teatr işi ilə məşğul olan həmvətənlərimiz barədə növbəti  tarix 1886-cı illə bağlıdır. Həmin ildə İrəvan gimnaziyasında “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası ikinci dəfə göstərilir. Firudin bəy Köçərlinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan nümayişdə həvəskar artistlər çıxış edirlər. 1890-cı il aprelin 4-də isə İrəvan Müəllimlər Seminariyasının salonunda növbəti nümayiş olur.

“Yeni əsr” qəzetinin 1896-cı ilə aid 19 dekabr nömrəsindən: “Dekabrın 8-ni teatr tamaşası baxımından İrəvan türklərinin həyatında dönüş nöqtəsi saymaq olar. Dünən türk teatr həvəskarlarının kiçik bir dəstəsi öz tamaşasını göstərdi. Komediya, afişada elan edildiyi kimi, kapitan Mirzə Fətəli Axundovun “Müsyö Jordan” adlı əsəri idi”.

Tamaşa nümayişlərinin peşəkarlıq səviyyəsini və mövzu dairəsini daha da genişləndirmək məqsədilə kiçik həcmli səhnə əsərlərinin çapına da diqqət yetirilirdi. Buna misal olaraq Rəhim Xəlilovun şəbih tamaşalarına dair “İrəvan quberniyası şiə müsəlmanlarının arasında məhərrəmlik təziyədarlığı” (1899) adlı kitabını göstərə bilərik.

1903-cü il İrəvanda teatrın pərvazlanması baxımından yaddaqalan il olur. Mədəniyyətin, maarifin inkişafı yolunda əvəzsiz xidməti olan Pənah xan Makinskinin buradakı evi, sözün əsl mənasında, teatr səhnəsinə dönür. M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, N.Qoqolun “Müfəttiş” və s. əsərlər yaz və yay aylarında bu evdə tamaşaya qoyulur. Eyni əsərlər həmin ilin yazında “Canpoladov” və “Cəmiyyət” klublarında da göstərilir. Rolları yerli teatr həvəskarları Yunis Nuri, Cəfər Əhmədov, Qənnadı Cabbar, Mirzə Əli, Kərim Əhmədov və başqaları ifa edirlər.

1905-ci il – Azərbaycan türklərinin erməni terroruna məruz qaldığı o ağır dönəmdə də teatr təəssübkeşləri məqsədlərindən dönmürlər və avqustun 25-də qırğınlar zamanı zərər çəkmiş həmyerlilərinə kömək məqsədilə bir tamaşa göstərirlər. 15 gün sonra eyni məqsədlə daha bir tamaşa nümayiş olunur və əldə edilən vəsait şəhərin yoxsul sakinlərinə verilir.

1906-cı ilin əvvəlində milli ədavət yenidən güclənir. Mayın 27-də, iyunun 8-9-da yenə kütləvi qırğınlar baş verir. Vəziyyət dəyişməsə də, azərbaycanlı teatr həvəskarları fəaliyyətlərini davam etdirir və yenə Pənah xan Makinskinin evində tamaşa göstərirlər. Əldə etdikləri 426 manatı isə dağıdılmış qiraətxananın bərpasına verirlər. Sentyabrın 22-də teatr-ev yenə tamaşaçılarla dolur. Bu dəfə Mirzə Fətəlinin “Müsyö Jordan və dərviş Məstəli şah”ı göstərilir. Bir neçə gündən sonra isə daha iki tamaşa nümayiş olunur. Həmin ildə dramaturqun “Hacı Qara” komediyası, S.Qənizadənin “Dursunəli və Ballıbadı” və “Xor-xor” vodevilləri də göstərilir.

1907-ci ildə İrəvan sakinləri ilk dəfə Fərrux və Ələkbər adlı şəxslərin gətirdikləri sirk tamaşasına baxırlar. Tamaşa alqışlarla qarşılanır.

Artıq müəyyən teatr ənənəsinin formalaşdığı rus-tatar (rus-Azərbaycan) məktəbinin həyətində teatr həvəskarları növbəti tamaşalarını göstərirlər. Avqustun 24-də olan nümayişdən 277 manat pul əldə edilir və həmin məktəbdə təhsil alan üç kasıb şagirdə verilir. Beləcə, 1882-ci ildən başlayan xeyriyyə məqsədli tamaşa nümayişləri ənənəsini əsas qayəyə çevirən irəvanlı teatr həvəskarları vaxt keçdikcə repertuarlarını da zənginləşdirirlər.

1908-ci il yanvarın 19-da Şəhər klubunda N.Kamalın “Vətən” tamaşası səhnəyə çıxarılır. N.Vəzirovun hələ 1875-ci ildə İrəvanda qələmə aldığı “Ev tərbiyəsinin bir şəkli”, sonralar yazdığı “Yağışdan çıxdıq, yağmura düşdük” əsərləri isə iyunun 17-də yenə də rus-tatar məktəbində təhsil alan yoxsul uşaqlara kömək məqsədilə oynanılır.

1909-cu ilin teatr mövsümü irəvanlı teatrsevərlər üçün daha maraqlı olub. Belə ki, həmin il dövrün məşhur artistləri Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Cəlil Bağdadbəyov, Yusif Ağayev və başqaları şəhərə gəlir və müxtəlif tarixlərdə bir neçə tamaşa ilə çıxış edirlər. Təbii ki, dövrün mətbu orqanlarında geniş əks-səda doğuran bu qastrol teatr təmsilçilərinin irəvanlı həmkarları ilə yaradıcılıq mübadiləsi baxımından da əhəmiyyətli idi.

1910-cu ili İrəvan teatrının həyatında dönüş ili də hesab etmək olar. Qısa zamanda Bakıdan gedən artistlərlə birgə M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” pyesi tamaşaya qoyulur və səhnə əsəri maraqla qarşılanır. Həmin il biri-birinin ardınca “Bəxtsiz cavan”, “İranda qarət”, “Mən ölmüşəm”, “Qız istəmək” əsərləri də səhnələşdirilir.

N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi 1911-ci il mayın 19-da tamaşaya qoyulur. Sidqi Ruhulla tamaşanı yerli teatr həvəskarlarının iştirakı ilə ərsəyə gətirir. Yerli teatr həvəskarları iyunun 3-də C.Bağdadbəyovun iştirakı ilə yenə də N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını oynayırlar. 1912-ci ilin teatr təqvimi də çox rəngarəng olub. Aprelin 26-da yerli teatr həvəskarları Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsini tamaşaya qoyurlar. Mayın 8-də isə “İrəvan gənc azərbaycanlı teatr həvəskarlarının dram dərnəyi” təşkil olunur.

1913-cü ilin fevral və mart aylarında “Batumi İslam dram cəmiyyəti”nin artistləri İrəvana gələrək silsilə tamaşalar göstərirlər. Bu səfər də yerli azərbaycanlılarda teatr zövqünün formalaşması baxımından əhəmiyyətli idi.

Eyni zamanda indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların teatra, səhnə sənətinə marağının xeyli artdığının göstəricisi sayıla bilər. Bu marağın daha bir sübutu martın 25-də Əli Məhzun Rəhimovun və Əsgər Axundovun “İrəvan İslam dram şirkəti”ni yaratmağa dair icazə almaları idi. Aprelin 29-da şirkətin artistləri tərəfindən Ə.Haqverdiyevin “Kimdir müqəssir?” və “Ac həriflər” əsərlərinin tamaşaları göstərilir.

Ümumilikdə istər ayrı-ayrı illərə, istərsə də sonrakı tarixlərə nəzər saldıqda irəvanlı milli teatr təəssübkeşlərimizin bütün çətinliklərə rəğmən səhnə işi ilə mütəşəkkil məşğul olduqlarını görürük. Lakin bütün bunlar faydasız hesab olunur və teatra amansız münasibət axır ki, öz sözünü deyir. 1918-20-ci illərdə İrəvan Azərbaycan teatrı təkcə yaratmaq imkanından deyil, yaşamaq hüququndan da məhrum edilir. Təbii ki, burada söhbət hər hansı göstərişlə teatr fəaliyyətinə qadağadan yox, ümumiyyətlə, oradakı azərbaycanlılara qarşı törədilən amansız qarət və silsilə qətllərdən gedir. Belə bir vəziyyətdə Azərbaycan teatrı, azərbaycanlı teatr həvəskarının İrəvanda qalması ancaq faciə ilə nəticələnə bilərdi. Xilas olmağın tək çarəsi qaçıb qurtarmaq idi! Məhz bu baxımdan da teatr tarixinin bu dövrü faciəvi qaçqınlıq anı kimi yadda qalıb...

 

Mübarizə, didərginlik, səhnəsizlik...

 

Gəlin, teatrın sonrakı tarixi ilə bağlı qısa xatırlatmalara nəzər salaq. Teatra 1928-ci ildə Ermənistan SSR hökuməti tərəfindən dövlət statusu verilir. 1935-ci ildə sənət ocağına görkəmli dramaturq Cəfər Cabbarlının adı verilir. 1949-cu ildə növbəti qərəzli qərarla teatrın dövlət statusu yenidən ləğv edilir və fəaliyyətini xalq teatrı kimi davam etdirməli olur. 1951-ci ildə qapadılan başıbəlalı teatrın fədakar kollektivi inadla fəaliyyətini davam etdirir və 1967-ci ildə yenidən teatrın dövlət statusu bərpa edilir. 1978-ci ildə Bakıda teatrın dövlət statusu almasının 50 illik yubiley tədbirləri keçirilir və sənət ocağı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunur.

1988-ci ildən başlanan və bütün Qərbi Azərbaycanı başına alan erməni millətçilərinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti teatrın da həyatını alt-üst edir. Qocaman səhnə ocağı 1989-cu ildə Bakıya pənah gətirir.

1989-1994-cü illərdə Akademik Milli Dram Teatrının nəzdində “Teatr-studiya” statusunda fəaliyyət göstərir. 

1994-cü il 31 avqust tarixində ulu öndər Heydər Əliyevin böyük qayğısı ilə İrəvan teatrı üçüncü dəfə (bu dəfə Azərbaycanda) dövlət statusu alır. Kollektiv paytaxtda H.Sarabski adına Mədəniyyət evində yerləşdirilir və yeni quruculuq fəaliyyətinə start verilir.

Prezident İlham Əliyevin 2006-cı il 30 avqust tarixli sərəncamı ilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi qeyd edilir.

2008-ci ildən M.Rəsulzadə adına Mədəniyyət Sarayı teatrın balansına verilir. Hazırda teatrın binası əsaslı təmir-bərpa prosesindədir və yəqin ki, ilin sonunadək 140 illik yubiley gecəsini təntənəli şəkildə məhz öz binasında qeyd edəcək.

 

Təki sənət yaşasın...

 

Teatr sadiq tamaşaçıları və fədakar sənət xadimləri ilə Qərbi Azərbaycanı özündə ehtiva edən mədəni məkan olaraq həm irəvançılıq üçün mübarizə aparır, həm də müasir tamaşaçı üçün maraqlı səhnə nümunələrinə yol açır. Teatrın cari repertuarında C.Cabbarlının “Vəfalı Səriyyə”, X.Hüseyninin “Min möhtəşəm günəş”, N.Hikmətin “Qəribə adam”, V.Siqarevin “Şeytan ailəsi”, D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası”, N.Dumbadzenin “Didro”, Hidayətin “Burdan min atlı keçdi”, “İrəvanda xal qalmadı”, “Ömürdən uzun gecə”, Elçinin “Akvariuma xüsusi sifariş”, M.Bayciyevin “Ömür qatarı”, Q.Narqabilin “Beş dul qadın və rəis”, İftixarın “Qurtuluş dastanı”, “Nurlu ömrün anları”, “Soyqırımı tarixinin dastanı”, “Qanlı qızıl toy”, “Haqq mənəm”, S.Şahtaxtının “Ölüm həsrəti”, İ.Məmmədlinin “Oğru və doğru”, S.Elsevərin “Ürəyində arzu tut” tamaşaları var.

İrəvan teatrının tamaşaçılarını qarşıda da maraqlı səhnə işləri gözləyir. Hazırda teatrda M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyası (quruluşçu rejissor – Əməkdar artist Sərvər Əliyev), V,Şekspirin “Kral Lir” faciəsi (quruluşçu rejissor – Elvin Mirzəyev) və A.Turanın “Atam, anam, mən, qardaşım və Stalin” pyesinin (quruluşçu rejissor – Əməkdar incəsənət xadimi Bəhram Osmanov) məşqləri gedir.

Deməli, əsl səhnə, sənət eşqi ilə çıxılan uzun və məşəqqətli yolun sonu mütləq aydınlıq olur. Nə bilmək olar, bəlkə o işıq yola çıxanları həm də ilk mənzillərinə qaytaracaq!...

Həmidə Nizamiqızı