Azərbaycan
2 noyabr 1922 – Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən “Molla Nəsrəddin” satirik jurnalının Bakıda ilk sayı çapdan çıxıb. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə nəşr olunmuşdu.
2 noyabr 1934 – Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı; 1934 – 18.8.2019) Salyan rayonunun Qalalı kəndində doğulub. N.Tusi adına ADPİ-də işləyib. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.
2 noyabr 1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 – 18.11.2000) anadan olub. “Hicran”, “Bankir adaxlı” və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Tamaşalara, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.
2 noyabr 1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.
2 noyabr 1964 – Əməkdar artist Murad Məmmədrza oğlu Muradov (1884-1964) vəfat edib. Ağdam rayonunun Muradbəyli kəndində doğulub, Akademik Dram Teatrının aktyoru olub.
2 noyabr 1988 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 – 1988) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çalışıb.
2 noyabr 1997 – Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Mustafa oğlu Bədəlov (1909-1997) vəfat edib. 1936-cı ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (Sergey Eyzenşteynin sinfi) bitirib.
3 noyabr 1943 – Tiflis Azərbaycan teatrının ilk peşəkar aktyorlarından olmuş Mirzəli (Əlibala) Hacı Abbas oğlu Abbasov (1870-1943) vəfat edib. Tamaşalara quruluş verib, pyeslər yazıb. Gürcüstanın Əməkdar artisti olub.
3 noyabr 1983 – Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22.3.1913 – 1983) vəfat edib. Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.
3 noyabr 1997 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (23.11.1937 – 1997) vəfat edib. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.
3 noyabr 2007 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (21.2.1921 – 2007) vəfat edib. Tematik tablolar, portret janrında uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.
4 noyabr 1939 – Əməkdar mədəniyyət işçisi Limunət Nurullah qızı Abdullayeva (1939-2016) Qax rayonunun Qaxmuğal kəndində doğulub. Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru işləyib.
4 noyabr 1944 – Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Məmmədağa oğlu Dadaşov (1944 – 9.2.2020) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında, “Azanfilm” Studiyasında işləyib.
4 noyabr 1954 – Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 – 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb, filmlərdə (“Həm ziyarət, həm ticarət”, “Yalan”) çəkilib.
4 noyabr 1967 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 – 1967) vəfat edib. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb.
Dünya
2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin; 1699-1779) anadan olub.
2 noyabr 1906 – İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 – 17.3.1976) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” və s.
2 noyabr 1950 – İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 26.7.1856 – 1950) vəfat edib.
3 noyabr 1797 – Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Qafqaza sürgün olunub. Azərbaycan xalq qəhrəmanının həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
3 noyabr 1801 – İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini; 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1869 – Rus şərqşünası, akademik Vasili Bartold (1869–1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib.
3 noyabr 1931 – İtalyan aktrisası Monika Vitti (Maria Louisa Ceciarelli; 1931-2022) anadan olub. Filmləri: “Al qadın”, “Mehmanxana nömrəsi” və s.
4 noyabr 1575 – İtalyan rəssamı Qvido Reni (Guido Reni; 1575-1642) anadan olub.
4 noyabr 1923 – Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner; 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir.
Hazırladı: V.Orxan