Zalsburqda gənc pianoçumuzun təqdimatı

 

Avstriyanın Zalsburq şəhərində, Zalsburq Azərbaycan Evində beynəlxalq müsabiqələr laureatı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsinin təqdimatı keçirilib.

Azərbaycanda Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Avstriya Respublikasının Milli Günü (26 oktyabr) münasibətilə keçirilən tədbirdə avstriyalı və azərbaycanlı musiqisevərlər, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Ayan Məmmədli bu layihəni hazırlamaqda əsas məqsədinin milli musiqimizi xarici auditoriyalara yaxından tanıtmaq, təbliğ etmək və gələcəkdə əcnəbilərlə yeni əməkdaşlıq əlaqələri yaratmaq olduğunu bildirib. Təqdimatda “Bayatı-Şiraz” muğamı, “Laçın”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sarı gəlin” və “İncə bellim” kimi xalq və bəstəkar mahnıları yer alıb.