Mədəniyyət Nazirliyi milli musiqimizin qorunması, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində mühüm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğini, musiqi və estetik zövqünün formalaşmasına dəstək olmağı hədəfləyir, istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Nazirliyin bu ilin mart ayından reallaşdırdığı “Yeni adlar” layihəsi də onlardan biridir.

Oktyabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirildi.

Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Orxan Həşimov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Vaqif Qurbanov (violonçel) və Elxan Niftiyev (piano) maraqlı proqramla çıxış etdilər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər vardı.

Konsertdə Vaqif Qurbanovun ifasında Yozef Haydnın “Violonçel və orkestr üçün konsert”i, Elxan Niftiyevin təqdimatında isə Ferents Listin “Piano və orkestr üçün konsert” əsərləri alqışlarla qarşılandı. İstedadlı gənclər hər iki əsərin yüksək peşəkarlıqla tamaşaçılara çatdırılması üçün məharətlərini ortaya qoydular.

***

Vaqif Qurbanov 2006-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2012-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin cello ixtisasına qəbul olunub. Hazırda həmin məktəbin XI sinfində təhsil alır. Təhsil aldığı illərdə bir çox müsabiqələrdə iştirak edən musiqiçi 2018-ci ildə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş III Respublika müsabiqəsində I yerə layiq görülüb. Bununla yanaşı, “Gələcəyin ulduzları” (Future Stars) IX Beynəlxalq klassik musiqi müsabiqəsi və “World Harmony” beynəlxalq müsabiqəsində I yeri qazanıb.

Gənc ifaçı Azərbaycandan kənarda da nailiyyətlər əldə edib. Yunanıstanda keçirilən “Stars of Greece” beynəlxalq müsabiqəsi, Çexiyada “Spring Symphony” müsabiqəsi və Ukraynada təşkil olunan “Sozvezdiye Europe-Asia –2021” beynəlxalq festivalında Qran-priyə layiq görülüb. O, həmçinin İtaliyada keçirilən “Racconto Di Primavera”, İspaniyada “World Art Games”, Rusiyada “Radio Golos Planeta”, “Zvezda efira”, Polşada “King’s peak international music competition”, “Rapsodia Polska” müsabiqələri və Finlandiyada təşkil olunan “Nordic Fest – 2021” festivalında I yerləri qazanıb.

“Yeni adlar”ın digər iştirakçısı Elxan Niftiyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2016-cı ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini piano sinfi üzrə fərqlənmə ilə bitirib. 2016-2020-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr, 2020-2022-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

Elxan Bülbül adına məktəbdə təhsil aldığı illərdə (2009-2012) Pianoçuların Respublika müsabiqəsinin laureatı olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil aldığı dövrlərdə isə bir neçə dəfə solo konsert verib. Pianoçu 2017-ci ildə IX Qəbələ Beynəlxalq Musiqi Festivalında, eləcə də XII Qəbələ Musiqi Festivalında çıxış edib.

Elxan Niftiyev Estoniyada keçirilən Şopen adına pianoçuların beynəlxalq müsabiqəsində, İngiltərədə pianoçuların beynəlxalq müsabiqəsində, Fransada Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsində laureat olub.

Nurəddin