Beynəlxalq Muğam Mərkəzi (BMM) və AMEA Folklor İnstitutu “Dədə Qorqud” (keçmiş “İrs”) ansamblının təşkilatçılığı ilə tanınmış xanəndə, Xalq artisti, professor Mələkxanım Əyyubovanın 60 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirildi.
Xan Şuşinski Fondunun birgə iştirakı ilə hazırlanan gecədə tanınmış mədəniyyət, incəsənət və elm xadimləri iştirak edirdi.
İlk olaraq Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov nazir Anar Kərimovun Xalq artistinə təbrik məktubunu oxudu. Məktubda xanəndənin muğam sənətinin inkişafında və gənc nəslə ötürülməsində xidmətləri, habelə sənətkarın özünəməxsus ifaçılıq üslubu qeyd olunur. Məktubda nazir sənətkara xoş arzularını çatdırır, yeni yaradıcılıq uğurları arzulayır. Sektor müdiri həmçinin Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun da təbrik məktubunu xanəndəyə təqdim etdi.
Sonra gecənin aparıcısı, Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev səhnəyə çıxaraq Mələkxanım Əyyubovanın yaradıcılıq yolundan söz açdı, muğam ustasını səhnəyə dəvət etdi.
Xalq artisti, tarzən Möhlət Müslümovun rəhbərlik etdiyi Əhmədxan Bakıxanov adına Xalq çalğı alətləri ansamblının müşayiəti ilə səhnədə ilk musiqi nömrəsi ilə tamaşaçıları salamladı.
Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova və başqaları sənətkara təbriklərini ünvanladılar.
Yaradıcılıq gecəsi rəngarəng musiqi nömrələrinin səsləndirilməsi ilə yadda qaldı.
L.Azəri