2022-ci ildə dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100 illiyi tamam olur və yubileyə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Məlum olduğu kimi, ötən il (9-24 noyabr) Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi təşkilatın 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib.
Noyabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun mənzil-qərargahının konsert zalında Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı keçiriləcək.
Konsertdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Proqrama bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllif olduqları “Ərəb mövzuları əsasında fortepiano konserti”, bəstəkarın “Şeyx Sənan” (Hüseyn Cavid) tamaşası üçün yazdığı məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxildir. Yubiley konsertinin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.