Dədə Qorqud Türk Dünyası Film Festivalında Azərbaycan filmləri də nümayiş olunur

 

Xəbər verdiyimiz kimi, 1-5 noyabr tarixində Türkiyənin Bursa şəhərində 2-ci Dədə Qorqud Türk Dünyası Film Festivalı keçirilir. İlk dəfə ötən il İstanbulda gerçəkləşən festivalın bu ildən etibarən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan şəhərlərdə keçirilməsi qərara alınıb. “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursadan sonra 2023-cü ildə festivalı bu statusla Azərbaycanın Şuşa şəhəri qəbul edəcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsi, Beynəlxalq Sinema Dərnəyi, TÜRKSOY və digər qurumların dəstəyi ilə ərsəyə gələn festivalda Azərbaycan da iştirak edir.

Təşkilat komitəsinin məlumatına görə, festivala Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, eləcə də Şimali Kipr, Rusiya Federasiyasının türk kökənli muxtar respublikaları olmaqla – ümumilikdə 150-dən çox qonaq, həmçinin Türkiyənin film sektorunun 200-dək təmsilçisi qatılıb.

Atatürk Konqres Mədəniyyət Mərkəzində başlayan festival çərçivəsində noyabrın 4-də “Özbək Kinosu Günü” də təşkil ediləcək.

Həmçinin festivalda Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Bursa Böyükşəhər Bələdiyyəsi və TÜRKSOY-un əməkdaşlığı ilə “Fikrət Əmirovun 100 illiyi və Türk Dünyasının Mədəniyyət Paytaxtı Bursa” adlı konsert düzənlənəcək. Xatırladaq ki, 2022-ci il TÜRKSOY tərəfindən Azərbaycanın böyük bəstəkarının şərəfinə “Fikrət Əmirov İli” elan edilib.

Festivalın proqramında tammetrajlı bədii film yarışmasına 10, sənədli film yarışmasına isə 14 ekran əsəri qatılıb.

Bu sırada Azərbaycandan Xalq artisti, kinorejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” bədii filminin dünya premyerası da olacaq. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan film 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərə həsr edilib. Filmin ssenarisini rejissor özü yazıb.

Bundan əlavə, müsabiqə proqramında rejissor Teymur Şahinoğlunun “Dalan” sənədli filmi də yer alıb. Ssenari müəllifi jurnalist Şahin Hacıyev olan 90 dəqiqəlik filmdə Ermənistan-Azərbaycan münaqişəsinin ötən əsrin əvvəllərinə gedib çıxan kökləri və səbəblərindən bəhs olunur.

Festivalın müsabiqədənkənar “Tarixi panoram” proqramında Azərbaycan kinosunda məxsusi yeri ola “Dəli Kür” (1969, rejissor Hüseyn Seyidzadə, ssenari müəllifi İsmayıl Şıxlı) filmi bərpa olunmuş versiyada, “Cari insan mənzərələri” proqramında isə “Otel otağı” (1998, rejissor Rasim Ocaqov, ssenari müəllifi Anar) filmləri kinosevərlərin görüşünə gələcək.

Dədə Qorqud Türk Dünyası Film Festivalının münsiflər heyətində Azərbaycandan rejissorlar Elxan Cəfərov və Mehriban Ələkbərzadə də yer alıblar.

Noyabrın 5-də, festivalın bağlanış mərasimində müxtəlif kateqoriyalar üzrə mükafatlar təqdim olunacaq.

Ümumilikdə festivalda filmlər 6 bölmədə (o cümlədən “Turkuaz sənədli film nəsli” və animasiya) nümayiş olunacaq.

Festival proqramının diqqətçəkən məqamlarından biri də “Sənədli filmlər” kateqoriyasında İran kinematoqrafçılarının çəkdiyi “Təbrizin işğalından xatirələr” adlı filmin yer almasıdır. 63 dəqiqəlik film Azərbaycan türkcəsində çəkilib və 1941-ci ildə, 2-ci Dünya müharibəsi zamanı SSRİ hərbi kontingentinin İrana – Cənubi Azərbaycana yeridilməsindən bəhs edir.

Xatırladaq ki, həmin dövrdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatı da başlanmışdı və Hitler Almaniyasının cənubdan ikinci cəbhə açmaq təhlükəsini önləmək üçün oraya yeridilən sovet hərbi kontingenti ilə yanaşı, böyük təbliğat-təşviqat dəstələri, o cümlədən Azərbaycandan mədəniyyət, ədəbiyyat xadimləri də ezam olunmuşdu. Həmin dövrdə Təbrizdə Azərbaycan dilində qəzetlər nəşr olunur, soydaşlarımızın milli özünüdərkinə xidmət edən geniş işlər görülürdü. Lakin 1945-ci ildə sovet hərbi kontingentinin çıxarılmasından sonra Təbrizdə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkat süquta uğradı.

Təbii ki, dövrün bu mühüm tarixi təfərrüatları barədə sənədli filmdə söhbət açılmır və o, rus-sovet qoşunlarının Təbrizi işğal etməsi kontekstində çəkilib. Bu ekran əsərinin hansı tarixi özəlliyi ilə Dədə Qorqud Türk Dünyası Film Festivalının proqramına salınması da maraq doğurur.