Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Almaniyadakı səfirliyimizin təşkilatçılığı ilə noyabrın 8-də Berlin şəhərində Zəfər Günü münasibətilə “Sülh və birgəyaşayış” şüarı altında konsert keçirilib.
Tədbirdə 500-dən çox qonaq, o cümlədən Bundestaq üzvləri, Almaniya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Berlində akkreditə olunmuş 30-dan çox ölkənin diplomatı, Almaniyadakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbiri səfir Nəsimi Ağayev açaraq qonaqları salamlayıb. O, konsert üçün “Sülh və birgəyaşayış” şüarının seçilməsinin təsadüfi olmadığını söyləyib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni vəziyyət yaranıb. Bu vəziyyət Azərbaycan və Ermənistan arasında sülhün və birgəyaşayışın bərqərar olması üçün mühüm zəmin ola bilər. Səfir ölkəmizin regionda sülh və sabitliyin təmini üçün çalışdığını, son ikitərəfli görüşlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün ümidlər yaratdığını deyib.
Diplomat həmçinin Almaniyada fəaliyyət göstərən tanınmış bəstəkar Xədicə Zeynalovanın müəllifi olduğu “Şuşa” simfoniyasının premyerasının Zəfər Günündə Berlin şəhərində keçirilməsini əlamətdar hadisə adlandırıb.
Sonra çıxış edən Azərbaycan-Almaniya Forumunun sədri Hans-Eberhard Şleyer ölkəmizin zəngin multikulturalizm və tolerantlıq ənənələrinə malik olduğunu vurğulayaraq, bu zəminin gələcək sülh üçün əlverişli imkanlar yaratdığını bildirib.
Bəstəkar Xədicə Zeynalova rəhbərlik etdiyi, müxtəlif ölkələrdən müsiqiçilərdən ibarət “Bridge of Sounds” orkestri, eləcə də müəllifi olduğu “Şuşa” simfoniyasının ərsəyə gəlməsi barədə məlumat verib.
Daha sonra orkestrin ifasında simfonik konsert keçirilib. Konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra və “Arazbarı” əsəri, habelə Xədicə Zeynalovanın müəllifi olduğu simfoniya ifa olunub. İfalar tədbir iştirakçılarının sürəkli alqışları ilə qarşılanıb.
Tədbir zamanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin əsrarəngiz mənzərələrini əks etdirən videoçarxlar da nümayiş etdirilib.
Konsertdən sonra qonaqlar üçün Zəfər Günü münasibətilə ziyafət təşkil olunub.