Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə UNESCO-da gerçəkləşən konsert yaddaşlarda dərin iz qoydu

 

2022-ci ilin əlamətdar mədəniyyət hadisələrindən biri də dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) anadan olmasının 100 illiyinə həsr edilmiş UNESCO-nun Parisdəki baş qərargahında keçirilmiş konsert oldu.

Ümumiyyətlə, bu il Azərbaycan mədəniyyətinin bir çox görkəmli şəxsiyyətlərinin yubiley tarixləri ilə əlamətdardır. Onların arasında dahi bəstəkar Fikrət Məşədi Cəmil oğlu Əmirovun 100 illiyi xüsusi yer tutur. Prezident İlham Əliyevin Fikrət Əmirovun 100 illik yubileyi haqqında 15 mart 2022-ci il tarixli Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanmışdır. Bu plana uyğun olaraq il ərzində silsilə tədbirlər keçirilmişdir. Aprel ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik konsert, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində F.Əmirova həsr edilmiş II Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi və digər tədbirlər təşkil olunmuşdur.

Əsərləri dünyanın məşhur səhnələrini dolaşan dahi bəstəkarın yubileyinin beynəlxalq səviyyədə keçirilməsi də diqqət mərkəzində olmuşdur. 2021-ci ilin 9-24 noyabr tarixində Parisdə keçirilən UNESCO-nun Baş Konfransının 41-ci sessiyasında bəstəkarın 100 illiyi təşkilatın 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmişdir.

F.Əmirovun 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərə öncədən hazırlıqlara başlanılmışdı. Mədəniyyət Nazirliyi tərəfindən mart ayında bəstəkarın fortepiano üçün əsərlərindən ibarət kompakt disk (CD) buraxılmışdı. Bəstəkarın musiqi albomunda yer alan əsərləri tanınmış pianoçu, Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundovanın ifasında yazılmışdır. Bununla yanaşı, bu ilin noyabr ayında UNESCO-da keçirilməsi planlaşdırılan simfonik konsert üçün də hazırlıqlar davam edir, bununla bağlı sənətkarın ailə üzvləri ilə əlaqəli şəkildə repertuar və ifaçı seçimi aparılırdı.

***

Noyabrın 3-də Azərbaycanın Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən möhtəşəm konsert yaddaşlarda dərin iz buraxdı. UNESCO-nun baş qərargahının “Salle-1” konsert zalında keçirilən tədbirin əvvəlində UNESCO yanında Azərbaycanın daimi nümayəndəsi Elman Abdullayev və təşkilatın baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko çıxış etdilər.

Elman Abdullayev UNESCO-nun 2022-2023-cü illər üçün yubiley proqramı çərçivəsində böyük Azərbaycan bəstəkarının yubileyinə həsr olunmuş musiqi axşamının təşkilinə verdiyi töhfələrə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və UNESCO rəhbərliyinə təşəkkürünü bildirdi. F.Əmirovun həyat və yaradıcılığından bəhs edən E.Abdullayev böyük bəstəkarın simfonik muğam janrının banisi olduğunu diqqətə çatdırdı. Əlavə etdi ki, 2008-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti F.Əmirov yaradıcılığına güclü təsir göstərmişdir. Onun simfonik muğamları dünyanın məşhur dirijorlarının rəhbərliyi altında Avropa ölkələrinin və ABŞ-ın ən böyük konsert salonlarında səsləndirilmişdir.

UNESCO-nun xarici əlaqələr və Afrika prioritetləri üzrə baş direktorunun köməkçisi Firmin Eduard Matoko tədbir iştirakçılarını təşkilatın baş direktoru adından salamladı. O, Azərbaycanla UNESCO arasında münasibətlərə toxunaraq F.Əmirovun həyat və yaradıcılığına həsr olunmuş tədbirin mədəni irs, dialoq və mədəni müxtəliflik ruhunu əks etdirdiyini vurğuladı: “Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə verən görkəmli şəxsiyyətlərə, əsərlərə və hadisələrə hörmət etmək xalqlar arasında beynəlxalq anlaşmaya, yaxınlığa və sülhə kömək edir. Fikrət Əmirov da əsərləri ilə UNESCO dəyərlərinin təbliğinə öz töhfəsini vermişdir”.

Yeri gəlmişkən, bir neçə kəlmə də musiqi axşamının keçirildiyi “Salle-1” konsert zalı haqda. UNESCO-nun Fontenua küçəsində yerləşən baş qərargahı neçə-neçə tarixi-mədəni olayların, konsert və konfransların, müzakirələrin məkanı olmuşdur. Möhtəşəm muğam sənətimizə və müqəddəs Novruz bayramına həsr olunmuş gecələr, 2011-ci ildə keçirilmiş Azərbaycan mədəniyyəti günləri, “Odlar yurdu – Azərbaycanım” sərgisi, 2012-ci ildə ilk dəfə və 2015-ci ildə UNESCO-nun yubileyi çərçivəsində yenə də həmin zalda reallaşmış Beynəlxalq Caz Günü ilə bağlı tədbirlər ölkəmizin iştirakı ilə də əlamətdardır. 3 noyabr konserti də bu məkanın unudulmaz tədbirləri sırasına daha birini əlavə etdi.

Həmin gün Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə F.Əmirovun simfonik və musiqili-səhnə əsərlərindən ibarət proqramla çıxış etdi. Xalqımızın məxsusi nikbin və qəhrəmanlıq ruhunu təcəssüm etdirən “Azərbaycan süitası”nın I hissəsi F.Əmirov musiqisinin milli həyati bir rəmzi kimi səslənərək dinləyiciləri Azərbaycan xalqının çoxçalarlı şux rəqslərinə, zəngin emosional ekspressiyaya malik “Rast”, “Segah” kimi muğamlarına, bəstəkarın tükənməz lirikasına köklədi. F.Əmirovun dahi şair-dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına bəstələdiyi “Kor ərəbin mahnısı” Əməkdar artist Babək Niftəliyevin gözəl, həzin ifasında tamaşaçıların xüsusi alqışlarını qazandı. “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı mezzo-soprano, Əməkdar artist Səbinə Əsədovanın ifasında gecənin iştirakçılarının qəlbini oxşadı.

Daha sonra səhnəyə gənc vokalçılar – tenor Orxan Cəlilov və soprano Selcan Nəsibli dəvət alaraq “Sevil” operasından Dilbərin mahnısını, Balaşın kupletlərini və F.Əmirovun “Azərbaycan elləri” mahnısını ifa etdilər. Onların ifası təravəti və dinamizmi ilə seçildi.

Növbəti əsər bəstəkarın dünya şöhrəti qazanmış “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” nömrəsi oldu. Simfonik orkestrimiz Fəxrəddin Kərimovun idarəsi ilə öz peşəkarlığını və F.Əmirov musiqisinin ehtişamını ortaya qoydu. Gecədə həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) F.Əmirovun Elmira Nəzirova ilə birlikdə bəstələdiyi “Ərəb mövzularına fortepiano konserti”ni böyük şövqlə ifa etdi və sənətkarın ifası xüsusi alqış qazandı.

***

Musiqi axşamı ərzində böyük proyektor-ekranda nümayiş etdirilən F.Əmirovla bağlı video, foto və rəsmlərdən ibarət videotəqdimat konsertin rejissoru, Əməkdar incəsənət xadimi Ülviyyə Könül tərəfindən hazırlanmışdı.

Yubiley konserti F.Əmirovun simfonik musiqisinin parlaq incilərindən “Azərbaycan kapriççiosu” ilə sona yetdi. Bu əsərin ifası xalqımızın böyük coşqu ilə qeyd etdiyi Zəfər Günü və Dövlət Bayrağı Günü ərəfəsində doğma Qarabağ torpağımız uğrunda müharibələrdə şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini yad edən dəyərli bir ithaf kimi səsləndi.

F.Əmirovun qəlbi hər zaman doğma xalqı ilə bir döyünüb. Daim mədəniyyətimizin aqibətini düşünən bəstəkar tez-tez “Xalq üçün yaratmaq səadətdir!” fikrini söyləyərmiş. Bəli, onun yaratdığı zəngin musiqi xəzinəsi bu gün Vətənimizdə və onun hüdudlarından uzaqlarda, beynəlxalq təşkilatlarda Azərbaycan bayrağını yüksəkliklərə ucaldır. Bu, həqiqətən də, sənətkarın səadətidir – əbədi səadəti.

Turan Məmmədəliyeva
musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru