Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

153 il əvvəl...

17 noyabr 1869-cu ildə dünya gəmiçilik nəqliyyatında strateji önəm kəsb edən Süveyş kanalı istifadəyə verilib. Aralıq və Qırmızı dənizləri birləşdirən kanalın çəkilməsi ilə Atlantik okeanından Hind okeanına hərəkət edən gəmilərin yolu 15 min kilometr qısaldı. Kanalın uzunluğu 161 kilometr, eni 120-150 metrdir. 1956-cı ilədək kanala de-fakto Britaniya nəzarət edib. Həmin il Misir kanalı milliləşdirə bildi.

 

145 il əvvəl...

16 noyabr 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi gedişində rus qoşunları Qars qalasını ələ keçiriblər. O vaxtdan Rusiyanın nəzarətində qalan Qars 1920-ci ildə Mustafa Kamal paşanın başçılıq etdiyi İstiqlal savaşında işğaldan qurtuldu.

 

103 il əvvəl...

15 noyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı – Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb. 1919-cu il sentyabrın 1-də Cümhuriyyət Parlamenti bu barədə qərar qəbul etmişdi.

 

89 il əvvəl...

12 noyabr 1933-cü ildə Almaniyada keçirilən növbədənkənar parlament seçkilərində Adolf Hitlerin rəhbərlik etdiyi Nasional-Sosialist Partiyası Bundestaqda yerlərin 96 faizini qazanıb. Almaniyada faşistlərin hakimiyyəti rəsmən bərqərar olub.

 

78 il əvvəl...

14 noyabr 1944-cü ildə Stalinin əmri ilə Gürcüstanın Türkiyə ilə sərhədində Ahıska türklərinin deportasiyası başlanıb. Qərar Türkiyənin SSRİ-dəki türk xalqları ilə əlaqələrinin kəsilməsi yönündə aparılan siyasətin davamı idi. Ahıskalılar Özbəkistan, Qazaxıstan və Qırğızıstana köçürüldü. 1989-cu ilin Fərqanə hadisələrindən sonra onların böyük hissəsi (50 minə yaxın) Azərbaycana pənah gətirdi.

 

40 il əvvəl...

12 noyabr 1982-ci ildə Yuri Andropov Sov.İKP MK-nın Baş katibi seçilib. Uzun müddət SSRİ DTK-sına rəhbərlik etmiş şəxsin sovet dövlətinin başçısı seçilməsi daxili və xarici siyasətin sərtləşməsi ilə müşayiət olundu. Andropovu Stalinlə müqayisə etməyə başlamışdılar. Lakin o, 14 ay sonra  vəfat etdi.

 

39 il əvvəl...

15 noyabr 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyətinin yarandığı elan edilib. 1974-cü ilin “Barış hərəkatı”ndan (yunanların türk əhaliyə qarşı qırğınlarını dayandırmaq üçün adaya Türkiyə hərbi kontingentinin yeridilməsi) sonra Şimali Kipr de-fakto müstəqil olmuşdu. ŞKTC indiyədək yalnız Türkiyə tərəfindən tanınıb.

 

34 il əvvəl...

17 noyabr 1988-ci ildə Bakıdakı Lenin (indiki Azadlıq) meydanında ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq kütləvi mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycanın tarixinə milli dirçəliş hərəkatı kimi düşdü. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.

17 noyabr 1988-ci ildə Benəzir Bhutto Pakistanın Baş naziri seçilib. Müsəlman dövlətləri tarixində ilk dəfə qadın hökumətə başçılıq edib. B.Bhutto hakimiyyətdən gedəndən on il sonra, 2007-ci ildə terror nəticəsində öldürüldü.

 

32 il əvvəl...

17 noyabr 1990-cı ildə Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Deputat Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib. Ali Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.

 

27 il əvvəl...

12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri və Konstitusiyanın qəbul olunması ilə bağlı referendum keçirilib. 125 yerlik Milli Məclisə seçkilər birmandatlı (majoritar, 100 yer) və çoxmandatlı (proporsional, 25 yer) sistem üzrə keçirilmişdi.

 

25 il əvvəl...

12 noyabr 1997-ci ildə Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” (20 sentyabr 1994) çərçivəsində “Çıraq” yatağından ilk neft hasil olunub.

Hazırladı: V.Orxan