İlk konsert Dövlət Akademik Filarmoniyasında təqdim olundu

 

Xəbər verdiyimiz kimi, dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən musiqi festivalı keçirilir. 12-23 noyabr tarixlərini əhatə edən festivalın proqramına silsilə konsert və tamaşalar daxildir.

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarın “Nizami” baletinin tamaşası ilə başlayan festival 13 noyabrda F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında davam edib. Burada Akademik Opera və Balet Teatrının truppası bəstəkarın “Sevil” operasını nümayiş etdirib. Festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında konsert proqramı da nəzərdə tutulub. 18 noyabrda bu məkanda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Noyabrın 15-də isə  festival çərçivəsində paytaxtda, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın ilk konsert proqramı təqdim olundu.

Konsertdən əvvəl çıxış edən musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığından söz açdı. Bildirdi ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin, demək olar ki, bütün janrlarına müraciət edərək dəyərli əsərlər yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu nümunələr bədii məzmunu, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın rəngarəng yaradıcılığının əsas qayəsi milli köklərə və professionallığa əsaslanır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan bəstəkar dünya musiqisində analoqu olmayan simfonik muğam janrının əsasını qoyub.

Qeyd olundu ki, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir: “Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir. Böyük bəstəkar xalq musiqimizə, sadəcə, bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb”.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə solistlər – Xalq artistləri Yeganə Axundova (piano), Teyyub Aslanov (xanəndə), respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimovanın (soprano) ifaları təqdim olundu.

Orkestr ilk olaraq bəstəkarın “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”nı ifa etdi. Konsert proqramında bəstəkarın “Sevil” operasından Dilbərin ariyası, H.Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, “Fortepiano və xalq çalğı alətləri orkestri üçün 3 hissəli konsert”i təqdim edildi.

Dahi bəstəkarın yaradıcılığından şedevr nümunələrin səsləndirildiyi konsert tamaşaçıların alqışları ilə mükafatlandırıldı.

Lalə Azəri