Dünyanın klassik musiqi mərkəzlərindən biri, Volfqanq Amadey Motsartın doğulduğu Zalsburq şəhərində (Avstriya) dahi bəstəkarın adını daşıyan fondda Azərbaycan klassik musiqisi səsləndirilib.
Zəfər Gününə həsr olunan konsert Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, Zalsburqda fəaliyyət göstərən konsulluqların təmsilçiləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən komitə sədri diqqətə çatdırıb ki, hazırda dünyanın 13 ölkəsində 19 Azərbaycan Evi fəaliyyət göstərir. Onlardan da biri Avstriyanın mühüm mədəni mərkəzlərindən olan Zalsburq şəhərindədir və fəaliyyəti ilə iki ölkə arasında mədəni əlaqələrə də töhfə verir.
Konsertdə Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Zalsburq Simfonik Orkestri çıxış edib. Proqramda Azərbaycan və Avstriya bəstəkarlarının əsərləri səslənib.
***
Bolqarıstanın paytaxtı Sofiyada da Zəfər Gününə həsr olunmuş təntənəli konsert keçirilib.
Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Bolqarıstan hökumətinin rəsmiləri, ictimaiyyət və mədəniyyət xadimləri, diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Konsertdən öncə çıxış edən səfir Hüseyn Hüseynov 2020-ci ilin Vətən müharibəsində əldə olun Zəfərin Azərbaycan tarixində müstəsna yeri haqqında söz açıb.
Konsertdə azərbaycanlı və bolqar sənətçilərinin ifasında iki ölkənin xalq və bəstəkar mahnıları səslənib. Azərbaycanı musiqi axşamında Əməkdar artistlər Sahib Paşazadə (tarzən), İlham Nəzərov (vokalçı) və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano) təmsil ediblər.