Xəbər verdiyimiz kimi, Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Zəfər Gününə həsr edilmiş “Xarıbülbül” rəqs müsabiqəsi təşkil edilib. Müsabiqə BXA-nın tam orta təhsil, orta ixtisas təhsili və bakalavr pillələri üzrə şagird və tələbələri arasında milli, klassik və müasir rəqs üzrə keçirilib.
Müsabiqənin mükafatlandırma mərasimi və qala-konserti Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında təşkil edilib.
Müsabiqə qaliblərinə klassik, milli və müasir rəqs üzrə I, II, III yerlərin diplomları, eləcə də “Xarıbülbül”, “Simpatiya”, “Münsiflər” mükafatları təqdim olunub.
BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə qalibləri təbrik edib.
Mükafatlandırma mərasimindən sonra “Xarıbülbül” rəqs müsabiqəsi qaliblərinin qala-konserti olub. Konsertdə “Qaytağı”, “Cadugər”, “Ruhun valsı”, “Zəfər rəqsi”, “Xarıbülbül”, “Qarabağ Azərbaycandır!”, “Qələbə”, “Odlar yurdu”, “Haradasan?”, “İgidlər”, “Qartal”, “Küçələrə su səpmişəm”, “İspan rəqsi”, “Kəpənək”, “Acaruli”, “Bu gecə”, “Zəfər gülü”, “Biz gəlirik”, “Qaval” və başqa rəqslər təqdim edilib.