Görkəmli bəstəkar, Xalq artisti, unudulmaz melodiyalar müəllifi Emin Sabitoğlunun (1937-2000) anadan olmasının 85 illiyi münasibətilə noyabrın 23-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə bəstəkarın musiqi mədəniyyəti tariximizdə xidmətləri, yaradıcılıq yolu haqqında danışıb.
Çıxışlar muzeyin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, operator, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov bəstəkarın zəngin kino musiqisindən bəhs ediblər. Emin Sabitoğlunun musiqi müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olunub.
Emin Sabitoğlunun qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova bəstəkarın səs və fortepiano üçün “Romanslar” not məcmuəsinin yeni nəşrini təqdim edib. Məcmuədəki əsərlərdən bəziləri ADMİU-nun Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevanın rəhbərliyi ilə tələbələr Türkay Məlikova, Yavər Yılmaz, Bəxtiyar Quliyev, Xasay Şıxıyev və konsertmeysterlər Aysel Şahbazlı, Zəhra Parlanovanın ifalarında səslənib.
Tədbirdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədən irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət xadimləri, paytaxt muzeylərinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan Dövlət Film Fondunun materialları əsasında hazırlanmış sərgi ilə də tanış olublar.