Bakı Turizm Peşə Məktəbinin məzunları Avropanın istənilən ölkəsində işləyə biləcək
   
   Azərbaycanda turizm sahəsi inkişaf etdikcə, bu sahədə çalışan insanlara tələbat da artır. Bu özünü xüsusilə xidmət sahəsində göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 2011-ci ilin dekabrında fəaliyyətə başlayan Bakı Turizm Peşə Məktəbi peşəkar kadr hazırlığına mühüm töhfədir.
   
   Paytaxtdakı 11 saylı Peşə Liseyinin (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 17) bazasında təşkil olunan tədris ocağı Azərbaycan Turizm İnstitutunun nəzdində fəaliyyət göstərir. Məktəbdə turizm agenti, aşpaz, barmen, bufetçi, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, ekoloji turizm bələdçisi və s. ixtisaslar üzrə kadr hazırlığı aparılacaq. Hələlik turizm agenti, aşpaz-qənnadıçı və mühasib ixtisasları üzrə üç qrup yığılıb. Fevralın 20-dən məktəbdə dərslər başlayıb.
   
   Məşhur aşpazın məzun olduğu məktəb
   
   Tədris ocağının fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Bakı Turizm Peşə Məktəbinə baş çəkdik. Qeyd edək ki, məktəbin yaradılmasında baza rolunu oynayan 11 saylı Bakı Peşə Liseyi 1927-ci ildə ticarət məktəbi kimi yaradılıb. Sonra peşə məktəbi, peşə liseyi kimi fəaliyyət göstərib. Burada aşpaz, qənnadıçı, satıcı peşələri üzrə kadrlar hazırlanıb.
   Məktəbin binası 2 il əvvəl əsaslı təmir edilib. 4 mərtəbədən ibarət binada şagirdlərin təhsil alması üçün hər bir şərait mövcuddur. Birinci mərtəbə laboratoriyalar üçün nəzərdə tutulub. Yaxın vaxtlarda burada tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılacaq.
   Bakı Turizm Peşə Məktəbinin direktoru İkram Məmmədovun sözlərinə görə, peşə lisey kimi fəaliyyət göstərdiyi dövrdə tədris ocağına həm 9, həm də 11 illik təhsil əsasında tələbə qəbul olunub. 9-cu sinifdən qəbul olunanlar üçün təhsil müddəti 3 il idi və onlar sonda eyni zamanda orta məktəb attestatı ala bilirdilər. Bundan sonra isə məktəb yalnız 1 illik peşə təhsili verəcək: “Növbəti ildən burada 12 ixtisas üzrə 340 nəfərin təhsil alması nəzərdə tutulur. Hələlik üç ixtisas üzrə qruplar yığılıb. Sentyabrdan da digər ixtisaslar üzrə qəbul elan ediləcək. Təhsil ödənişli əsaslarla həyata keçiriləcək. Məlumdur ki, turizm sahəsi üzrə peşə təhsilli kadrlara hazırda ölkəmizdə tələbat ilbəil artır. Bu tələbatı ödəmək üçün biz də bütün qüvvəmizi səfərbər etməliyik».
   Direktor deyir ki, yeni ixtisaslarla bərabər, burada əvvəlki ixtisaslar da saxlanılıb: “Bu məktəbdə hazırlanan aşpazlar hazırda ölkəmizin hər yerində çalışırlar. Vaxtilə SSRİ-nin elə bir respublikası yox idi ki, orada bizim tələbələrimiz olmasın. Milli Kulinariya Mərkəzinin əməkdaşlarının əksəriyyəti, Azərbaycanı xarici ölkələrdə müxtəlif tədbirlərdə uğurla təmsil edib diplomlar, medallar qazanan aşpazlar bizim məzunlardır. Məşhur aşpaz, bu yaxınlarda dünyasını dəyişmiş Şahhüseyn Kərimov da bu məktəbi bitirib. O, adlı-sanlı aşpaz olandan sonra da tez-tez məktəbə baş çəkərdi. Xüsusilə də hansısa yarışmada qalib gələndə buraya gəlib sevincini müəllimləri ilə paylaşardı”.
   
   Şagirdlər nüfuzlu hotellərdə təcrübə keçir
   
   «Bakı Turizm Peşə Məktəbində şagirdlərə təkcə Azərbaycan mətbəxi deyil, eyni zamanda dünya ölkələrinin mətbəxi də öyrədilir. Hazırda Bakıda fəaliyyət göstərən ən məşhur hotellərdə bizim tələbələrimiz təcrübə keçir». Bu sözləri isə məktəbin tədris-istehsalat işləri üzrə direktor müavini Camalətdin Axundov deyir. Onun sözlərinə görə, məktəbin aşpaz, barmen, ofisiant və qənnadıçı ixtisasları üzrə məzunlarının işlə təmin olunmasında heç bir problem olmur: «Bu ixtisaslara indi çox böyük tələbat var. Hazırda 40-dan çox şagirdimiz «Hyatt Regency» hotelində təcrübədədir. «Hotel Europa”, «Ambassador», «Buta Palace»də şagirdlərimiz var. Bu yaxınlarda «Buta Palace»dən “Eurovision” müsabiqəsi ilə bağlı onlara tələbə göndərmək təklifi aldıq. Onlar həm təcrübə keçəcəklər, həm də aylıq məvacib alacaqlar”.
   Camalətdin Axundov deyir ki, hotellərə təcrübə keçməyə yalnız aşpazlıq ixtisası üzrə təhsil alan tələbələr deyil, eyni zamanda yeni açılacaq digər ixtisaslarda oxuyanlar da, məsələn, mehmanxana qeydiyyatçısı, təmizlik departamentinin işçisi, turizm agenti və s. də göndəriləcək: «Artıq Azərbaycan Turizm Assosiasiyasına məktubla müraciət etmişik. Bu ixtisaslar üzrə qruplar yığıldıqdan sonra onların müxtəlif hotel və turizm şirkətlərində təcrübə keçməsi məsələsinin təşkilində əməkdaşlıq təklif etmişik».
   Bakı Turizm Peşə Məktəbinin internet saytı da hazırlanır. Burada təhsil ocağı haqqında ətraflı məlumat əldə etmək mümkün olacaq.
   Onu da qeyd edək ki, Bakı Turizm Peşə Məktəbində peşəkar kollektiv çalışır. Məktəbin müəllimləri peşə sahəsi üzrə müxtəlif nəşrlərin, o cümlədən ötən il Təhsil Nazirliyinin qərarı ilə çap edilmiş «Əmtəəşünaslıq», «Kokteyl və içkilərin hazırlanma texnologiyası», «İctimai iaşə müəssisələrində kalkulyasiya və uçot» və s. vəsaitlərin hazırlanmasında yaxından iştirak edirlər. Elə bu səbəbdən də yeni ixtisasların tədris edilməsinə baxmayaraq, məktəbin müəllim kollektivində elə bir dəyişiklik edilməsi gözlənilmir. Direktor İ.Məmmədov deyir ki, sadəcə, sırf turizm ixtisaslarından dərs keçmək üçün Turizm İnstitutundan bir neçə müəllim dəvət edəcəklər: «Əsas məqsədimiz keyfiyyətli dərslərin keçilməsinə nail olmaqdır. Bunun üçün də hər bir şəraitimiz var. Bizim üçün əsas şərt məktəbimizin adıdır. Hansısa bir məzunumuzun işlədiyi yerdə hörmət qazanması, öz işi ilə başqalarına nümunə olması bizim fəxrimizdir. Bu yaxınlardı Avstriyanın Turizm Peşə Məktəbinin rektoru qonağımız oldu. Builki buraxılış imtahanında onların da nümayəndəsi iştirak edəcək. Ümumiyyətlə, bundan sonrakı buraxılışlara verilən sənədlərdə həm Avstriya Turizm Peşə Məktəbinin, həm də Azərbaycan Turizm İnstitutunun möhürü olacaq. Həmin məzunlarımız onlara verilən sənədlə Avropanın istənilən ölkəsində işləmək imkanı əldə edəcək. Biz çalışacağıq ki, Azərbaycanın turizm sənayesində hazırda böyük ehtiyac duyulan peşə təhsilli kadrların hazırlanmasında yaxından iştirak edək və bizə göstərilən etimadı doğruldaq».
   
   Buraxılış imtahanlarını ATİ-nin müəllimləri götürəcək
   
   Söhbət əsnasında Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov da öz fikirlərini bölüşür: «Bakı Turizm Peşə Məktəbinin məzunlarının buraxılış imtahanı ATİ-nin müəllimləri tərəfindən götürüləcək. Həmçinin bu prosesə biz turizm ictimaiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrini də dəvət edəcəyik. Qiymətləndirmə zamanı isə tələbələrin əsasən peşə biliklərinə üstünlük veriləcək. Onların sənayenin tələblərinə nə dərəcədə uyğun hazırlığı, ingilis və rus dillərində terminoloji bazanı mənimsəmələri nəzərə alınacaq. Çünki biz mövcud peşə standartlarına 2 vacib düzəliş etmişik. Bunlardan birincisi, xarici dillərin tədrisi, ikincisi isə, peşə yönlü praktiki semestrin daha faydalı təşkil olunmasıdır. İstəyirik ATİ-nin məzunları kimi, bu məktəbi bitirənlər də peşəkar kadrlar olsun».
   E.Aslanov peşə məktəbində 1 illik təhsilə üstünlük verilməsinin səbəblərinə də aydınlıq gətirir. Onun sözlərinə görə, ölkəmizdə 50-dək peşə məktəbi və lisey fəaliyyət göstərir: «Bu peşə məktəblərinə şagirdlər orta məktəblərdən gəlirlər. Onların əksəriyyətinin orta təhsili başa vurub attestat almaq şansları olmur və yaxud da ali təhsil almaq istəmirlər. Yəni peşə məktəbinə son şansları kimi baxırlar. Biz bu fikri dəyişdirmək üçün Bakı Turizm Peşə Məktəbinə orta məktəbdə dərslərini normal oxuyan şagirdlərin gəlməsinə çalışacağıq. Onlar əmin olacaqlar ki, turizm peşə məktəbini bitirməklə daha yaxşı iş tapmaq olar. Bakı Turizm Peşə Məktəbində oxuyanlara yalnız sırf peşə təhsili veriləcək. Buraya gələn gənclərə qısa bir müddətdə əmək bazarında ehtiyac olan peşələr öyrədilib turizm və xidmət sektoruna təhvil veriləcək”.
   * * *
   Yeri gəlmişkən, aprelin 2-də Bakı Turizm Peşə Məktəbi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. ATİ-nin prorektoru Eldar Aslanov bundan sonra məktəbdə bəzi problemlərin həllini tapacağını deyir. Prorektor onu da bildirdi ki, yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda fəaliyyət göstərən turizm qurumlarının və KİV nümayəndələrinin iştirakı ilə peşə məktəbinin geniş təqdimatı keçiriləcək.
   
   Fəxriyyə Abdullayeva