Müasir dünyada reklam bir çox sahələrdə, o cümlədən turizm sektorunda aparıcı rol oynayır. Ölkəmizin turizm imkanlarının xaricdə tanıdılmasında reklam mühüm vasitədir. Mütəxəssislərin fikrincə, dəyişən qlobal turizm mühitində Azərbaycanın geniş marketinq imkanları mövcuddur.
Reklamın səmərəsi onun vaxtının düzgün seçilməsindən asılıdır
Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun sözlərinə görə, turizm sahəsində reklam-informasiya fəaliyyəti iki səviyyədə - dövlət qurumları və kommersiya strukturları tərəfindən aparılır: “Turizmin reklamı kompleks yanaşma tələb edir. Bir çox ölkələr reklam kampaniyasının xüsusi mövzularını işləyib hazırlayır. Məsələn, Almaniya uzun illərdir ki, öz ölkəsini romantik bir diyar kimi reklam edir. İsveçrə bir il qış turizmi ölkəsi, növbəti ildə göllər diyarı və s. kimi özünü reklam edir. Reklam fəaliyyətində məşhur tarixi hadisə və faktlardan, əlamətdar günlərin ildönümü, müxtəlif mədəni hadisələrdən də istifadə olunur”.
Mütəxəssisin dediyinə görə, kütləvi informasiya vasitələri, müxtəlif çap məhsulları, kino və videoreklam, sərgi və yarmarkalar turizmin əsas reklam sahələridir: «Reklamın səmərəsi onun vaxtının düzgün seçilməsindən də asılıdır. Mətbuat səhifələrində vaxtaşırı təkrarlanan çox baha olmayan elanlar birdəfəlik baha elanlardan daha çox fayda verə bilər. Eyni zamanda reklam hazırlanarkən yerli ənənələr nəzərə alınmalı, özəlliklə radio və televiziya efirində gedən reklamlarda etik normalara diqqət verilməlidir”.
Turizm İnstitutunda magistratura pilləsində reklam işi ixtisası tədris ediləcək
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanova görə, ölkənin çox geniş potensialı, hərtərəfli təbii imkanları ola bilər, babalardan bizə zəngin irs də qala bilər. Amma bu, işin hələ üçdən biridir. İşin digər üçdən biri bütün bu imkanları turizm xidməti kimi təqdim edə biləcək kadrların olmasıdır. İşin qalan üçüncü mühüm hissəsi isə dünyada səyahət etmək marağında olan insanları düzgün qurulmuş reklam və marketinq strategiyası əsasında ölkəyə cəlb etməkdir: “Hər il dünyada 1 milyard insan səyahət edir. Biz də çalışmalıyıq ki, bu insanların müəyyən bir hissəsini Azərbaycana cəlb edə bilək. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi , ölkəmizin turizm qurumları tərəfindən böyük işlər görülür. Azərbaycanın təmsil olunduğu beynəlxalq turizm sərgilərinin sayı və ekspozisiya sahəsi ilbəil artır. Digər tərəfdən, ölkəmizdə mütəmadi olaraq beynəlxalq mədəni tədbirlər keçirilir. Qarşıdan «Eurovision-2012» beynəlxalq mahnı yarışması gəlir. Gələn il oğlanlar arasında futbol üzrə «U-16» dünya çempionatı ölkəmizdə keçiriləcək. Bu tədbirlər ölkəmizin tanıdılması istiqamətində aparılan böyük marketinq və reklam işinin tərkib hissəsidir. Arzu edərdik ki, bu işdə dövlət orqanları ilə bərabər, ayrı-arı turizm şirkətləri, hotellər də fəallıq göstərsinlər”.
Prorektor bu ildən ATİ-də magistratura pilləsində reklam işi ixtisasının da tədris ediləcəyini bildirdi: “Təəssüf ki, bakalavr ixtisasları içərisində reklam işi adlı ixtisas yoxdur. Ali təhsil sahəsində ixtisasların seçilməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş «Bakalavrların ixtisas təsnifatı»na uyğun həyata keçirilir. ATİ də burada olan ixtisaslara uyğun kadr hazırlığını reallaşdırır. Təzə təsdiq olunan magistratura ixtisasları arasında reklam işi ixtisası var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığına uyğun olaraq bu ildən bu ixtisas üzrə magistr hazırlığına başlayacağıq”.
Bu il ölkəmiz 20-dən çox beynəlxalq sərgidə təmsil olunacaq
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədovun sözlərinə görə, ölkənin turizm potensialının tanıdılmasının əsas yolu bu istiqamətdə düzgün təbliğatın qurulmasından keçir. Turizmin reklamı nə qədər sistemli və geniş qurularsa, ölkəyə gələn turistlərin sayı da bir o qədər çox olar: “Ölkə daxilində turizm imkanlarının təbliği bu sahədə çalışan şirkətlər və regionlarda fəaliyyət göstərən turizm obyektləri tərəfindən həyata keçirilir. Onların apardığı reklam kampaniyası ilk növbədə yerli vətəndaşlarımıza ünvanlanmış olur. Mədəniyyət və Turizm Nazirliyi də bu sahədə müəyyən işlər görür. Məsələn, mövsümqabağı, mövsüm zamanı nazirlik tərəfindən insanların maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir».
Azərbaycanın çoxəsrlik mədəniyyətinin, turizm potensialının xarici ölkələrdə təbliği də Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biridir. Sektor müdiri qeyd etdi ki, bu səbəbdən də Azərbaycanın turizm potensialı mütəmadi olaraq beynəlxalq turizm sərgilərində nümayiş olunur, tanınmış telekanallarda reklam çarxları yerləşdirilir: «2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi 17 beynəlxalq turizm sərgisində təmsil edib, 2012-ci ildə isə bu sayın 22-yə çatdırılması nəzərdə tutulur. Ötən il xarici kütləvi informasiya vasitələrində Azərbaycanın turizm potensialını əks etdirən reklam materiallarının yayılmasına xüsusi önəm verilib. İlk dəfə olaraq Ukraynanın milli telekanalında reklam çarxı, Böyük Britaniyanın “Voyager” jurnalının mart, may, sentyabr, oktyabr, noyabr buraxılışlarında Azərbaycanın turizm potensialını əks etdirən reklam səhifəsi yerləşdirilib.
“ABTA” jurnalında, Fransanın məşhur “Le Nouvel Economist” qəzetində respublikamızın turizm imkanları haqqında materiallar verilib. Hazırda isə Rusiyanın “Grand Fair” şirkəti tərəfindən rus dilində Azərbaycan haqqında “Tomas Kuk” bələdçisi hazırlanır».
Fəxriyyə Abdullayeva