Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) görkəmli bəstəkarlarımız Tofiq Quliyevin (1917-2000) 105 və Emin Sabitoğlunun (1937-2000) 85 illik yubileylərinə həsr olunmuş konsert keçirilib.
Mərkəzin rəhbəri Leyla Qasımova 2022-ci ilin yubiley və əlamətdar hadisələrlə zəngin olduğunu bildirib. Qeyd edilib ki, Tofiq Quliyev və Emin Sabitoğlunun yubileylərinin birgə keçirilməsinin səbəbi onların bir çox cəhətdən oxşar xüsusiyyətlərə malik olmaları ilə əlaqədardır. L.Qasımova tədbirin təşkilində göstərilən dəstəyə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) təşəkkürünü bildirib.
Universitetin rektoru Ceyran Mahmudova hər iki bəstəkarın həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, klassik musiqi janrlarında sanballı əsərlər bəstələyən Tofiq Quliyev və Emin Sabitoğlunu mahnıları və filmlərə yazdıqları musiqilər xüsusilə məşhurlaşdırıb və sevdirib.
C.Mahmudova atası Emin Sabitoğlunun yaradıcılığı haqqında kitabları AMM-yə hədiyyə edib.
Tədbirin bədii hissəsində ADMİU-nun Estrada sənəti kafedrasının tələbələri Türkay Məlikova və Xasay Şıxıyev ölməz bəstəkarların mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər. Onları fortepianoda həmin kafedranın konsertmeysteri Rəcəb Zeynalov müşayiət edib. Konsertdə bəstəkarların dillər əzbəri olan mahnıları və kino musiqiləri səslənib.