Unudulmaz sənətkarın 100 illik yubiley gecəsi

 

Bu il görkəmli müğənni, pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın (1922-1993) anadan olmasının 100 illiyidir. Mədəniyyət ocaqlarında yubileylə bağlı tədbirlər təşkil olunur, unudulmaz sənətkarın yaradıcılığına nəzər salınır.

Dekabrın 1-də Heydər Əliyev Sarayında keçirilən gecə də Xalq artistinin xatirəsinə ehtiramın ifadəsi idi. Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Sarayı və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşirdi.

Heydər Əliyev Sarayının “Əbədiyaşarlar” layihəsi çərçivəsində keçirilən gecədə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və digər qonaqlar iştirak edirdilər.

Tədbirdən əvvəl jurnalistlərə açıqlama verən Şövkət Ələkbərovanın gəlini, Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Gülnarə Səfərova Xalq artistinin Azərbaycan musiqi sənətində qoyduğu izdən danışdı. Bildirdi ki, Şövkət xanım məlahətli səsi, özünəməxsus ifa tərzi, Azərbaycan qadınına məxsus gözəllik və nəcibliyi ilə xalqımız tərəfindən hər zaman sevilir: “O, çox gözəl ana və pedaqoq idi. Şagirdlərini çox sevirdi. Bugünkü konsertdə sənətkarın yetirmələri də çıxış edəcək”.

Gecədə əvvəlcə Şövkət Ələkbərovanın ifasında “Axşam” mahnısının lent yazısı nümayiş olundu. Sonra Xalq artistləri Mənsum İbrahimov, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Bayramova, Əməkdar artistlər Aygün Mübariz, Firuzə İbadova, Aybəniz Haşımova, Nurlan Növrəsli, Arzu Əliyeva, həmçinin Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin xoru (solist Ümidvar İsmayılov), ifaçılar Talıb İsgəndərli, Amil Həsənoğlu, Nigar Cəlilova, Nəsimi Məmmədov, Şövkət Sultanova, Cəlal Kərimov, Vəfa Vəzirova və Şaban Cəfərov çıxış etdilər.

Proqramda C.Cahangirovun “Qarabağ”, “Zərif gülüşün”, T.Quliyevin “Etibar”, “Gül oğlum”, “Azərbaycan”, “Sən mənimsən, mən sənin”, V.Adıgözəlovun “Bakı haqqında mahnı”, R.Mirişlinin “Dalğalar”, “Bir xumar baxışla”, “Bir könül sındırmışam”, F.Sücəddinovun “Şövkət”, Emin Sabitoğlunun “Azərbaycan”, eləcə də “Küçələrə su səpmişəm” və “Qaragilə” xalq mahnıları səsləndirildi.

İfaçıları Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin instrumental ansamblı müşayiət edirdi.

Gecə boyunca, həmçinin böyük ekranda unudulmaz sənətkarın pedaqoji fəaliyyəti haqqında məlumatlar, ifasından arxivdə saxlanılan lent yazıları, kinofilmlərdə səsləndirdiyi mahnılardan ibarət kollaj, görkəmli mədəniyyət və incəsənət xadimlərinin onun haqqında fikirləri və müğənninin Almaniya konsertindən (1990) videokadr nümayiş etdirildi.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Nurəddin Məmmədli