İnternet viktorinanın nəticələri açıqlandı
  
 
   Aprelin 12-də «AİTF» beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində «Bakı Ekspo» sərgi mərkəzində «ZQUİZ» virtual intellekt klubu və «İnfotour.az» turizm internet portalının təşkilatçılığı ilə keçirilən «Yerdə, göydə və dənizdə» viktorinasının qaliblərinin mükafatlandırılma mərasimi oldu.
   
   «İnfotour.az» portalının əməkdaşı Kəmalə Qədirova bildirdi ki, Azərbaycanda ilk dəfə keçirilən internet-viktorina böyük marağa səbəb olub: «Viktorinanın keçirildiyi martın 1-dən aprelin 1-dək olan müddətdə 600-dən artıq insan bu oyunda iştirak etmək üçün müraciət edib. «ZQUİZ» virtual intellekt klubunun saytını 1 ay ərzində təkcə Azərbaycandan yox, eyni zamanda Rusiya, MDB və Avropa ölkələrindən 30 min nəfərdən artıq insan ziyarət edib. Sevindirici haldır ki, oyunun şərtlərinə uyğun olaraq, coğrafiya və tarix fənlərindən, turizmin tarixindən, qonaqpərvərlik biznesindən verilən çətin suallara iştirakçıların əksəriyyəti dolğun və düzgün cavab veriblər».
   Sonra mükafatlar sahiblərinə təqdim edildi. 1-ci yerin qalibinə Antalyada 7 gecə 8 gün müddətində istirahət üçün yollayış (tam paket), 2-ci yerin qalibinə Praqa şəhərində 5 gecə 6 gün 4 ulduzlu hoteldə istirahət üçün yollayış (aviabilet daxil olmadan), üçüncü yerin qalibinə isə İstanbulda 3 ulduzlu hoteldə 4 gün 3 gecə qalmaq (aviabiletsiz) üçün yollayış verildi. Bir neçə nəfər isə həvəsləndirici mükafatlara layiq görüldü.
   Qeyd edək ki, layihə Azərbaycanda fəaliyyət göstərən «İmprotex Travel» turizm şirkəti tərəfindən maliyyələşdirilib, «EraStyle», «Silk Way Travel», «Millennium Tourism&Congress», «Triumfa Tour», «Victory Tour» şirkətləri, «Kempinski Badamdar» və «Park INN» hotelləri tərəfindən dəstəklənib.

   Fəxriyyə Abdullayeva