Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində paytaxtın, eləcə də regional mədəniyyət idarələri nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün xor dirijorluğu ixtisası üzrə ustad dərsləri keçirilib. Dərsləri xormeyster Məhin Orucova aparıb.

Baş idarədən bildirilib ki, ustad dərsləri XX əsr Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən Fikrət Əmirov və Rauf Hacıyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil edilib.

Dərslər zamanı məktəbin “Cırtdan” (kiçik) və “Renessans” (böyük) xorları ilə müxtəlif əsərlər üzərində iş aparılıb, xor fənninin tədrisi metodikası, uşaq xoru ilə işin mahiyyəti, professional uşaq xorunun yaranma metodları və s. bu kimi mövzular diqqətə çatdırılıb. Sonda M.Orucova xormeysterləri maraqlandıran sualları cavablandırıb.