Aprelin 12-dən 14-dək Bakıda keçirilən 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin (“AİTF-2012”) qonaqları arasında Türkiyənin turizm sahəsində ixtisaslaşmış ilk telekanalı olan “World Travel Channel”in Türkiyə üzrə koordinatoru və xarici əlaqələr üzrə məsul nümayəndəsi Kurtuluş Dağlı da vardı. Onunla qısa müsahibəni təqdim edirik.
   
   - Türkiyənin ilk səyahət və turizm kanalı olan “World Travel Channel” nə zamandan fəaliyyətə başlayıb? Kanalda yalnız turizmi təbliğ edirsiniz, başqa mövzulara da yer verilirmi?
   - Demet Sabançının qurduğu “World Travel Channel” ötən il fəaliyyətə başlayıb. Kanal türk dilində olmaqla ərəb ölkələrinə və Rusiyaya da yayımlanır. Ən böyük hədəfimiz Türkiyənin turizm imkanlarının, eləcə də digər türkdilli ölkələrin turizm potensialının təbliğinə töhfə verməkdir. Telekanalda turizm və səyahətlər mövzusuna geniş yer ayırmaqla yanaşı, Türkiyənin, habelə başqa türkdilli ölkələrin mədəniyyətini, tarixini, turizmini ekranlara gətirməyə çalışırıq. Çünki turizm mədəniyyətlə, incəsənətlə, tarixlə, mədəni irslə sıx bağlı sahədir. Və turizmin inkişafı üçün bu sahələrin hər birində çalışmaq lazımdır. Televiziya kanalını tək bir mövzu üzərində qurmaq maraqsız olardı.
   - “World Travel Channel”in yaranması Türkiyədə turizmin inkişafına nə verdi?
   - Bu günədək Türkiyədə turizm və səyahətlərin toplusunda televiziya mediası baxımdan müəyyən boşluq var idi. Öncə bu boşluğu doldurmağa çalışdıq və qısa zamanda müəyyən uğurlar əldə etmişik. Azərbaycan da bizim qardaş ölkəmizdir. Bu səbəbdən Azərbaycanla da əməkdaşlıq edərək bu layihəni genişləndirmək istəyirik. Bakıda keçirilən “AİTF-2012” beynəlxalq turizm sərgisində iştirak etdik. Tədbir çox gözəl təşkil olunmuşdu. Ümid edirəm ki, növbəti illərdə ölkələrimiz arasında turizm əlaqələri daha da genişlənəcək. Biz də bu işə töhfə verərək Azərbaycanın turizm potensialını Türkiyə televiziyalarında tanıtmaq istəyirik.
   - Burada apardığınız çəkilişlərdən sonra ilk təəssüratlarınız necədir? Azərbaycan turizmində diqqətinizi daha çox nə cəlb edir?
   - Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Aldığım məlumata görə, hər il Türkiyədən Azərbaycana minlərlə turist gəlir. Öz növbəsində Azərbaycandan bizim ölkəyə çoxlu sayda insanlar istirahətə gəlir. Məqsədimiz bu əlaqələrin daha da genişlənməsinə kömək etməkdir. Eyni zamanda Azərbaycanda gözəl hotellərin inşa edildiyini də gördük, onlarla bağlı çəkilişlər apardıq. Turizm sahəsində əldə edilən bu nailiyyətləri, uğurları Türkiyədə təbliğ etmək niyyətindəyik. Bundan başqa tarixi yerlər, mədəniyyət ocaqları, mədəniyyət abidələri, restoranlar və turizmlə bağlı digər yerləri “World Travel Channel”də göstərəcəyik. Bir məqamı da vurğulamaq istərdim ki, belə bir kanal Azərbaycanda da yaranarsa, turizmin inkişafına böyük imkanlar açmış olar. Məsələn, biz İsveçrə ilə bağlı proqram yayımladıq. Türkiyədən bu ölkəyə gedən ziyarətçilərin sayı 25 faiz artdı. Azərbaycanda da belə kanalın açılması ilə turizmin çox yüksək həddə gələcəyini düşünürəm. Çünki texnologiya artdıqca, dünya kiçilir. Belə kanal isə Azərbaycan turizminə böyük töhfə verəcək.
   
   Mehparə